11 Sentyabrdan sonra Azərbaycan ABŞ-la daha da yaxınlaşdı... - Ərəstun Oruclu

17:20 11.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bəziləri iddia edir ki, guya 11 sentyabr terror aktını müəyyən məqsədlərlə Amerika xüsusi xidmət orqanları özləri təşkil edib...

Hazırda Nyu-Yorkda yaşayan siyasi analitik, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu ilə hafta.az üçün bu dəfəki söhbətimizdə 20-ci ildönümü tamam olan 11 sentyabr Amerika faciəsi haqda gerçəklər və konspiroloji fərziyyələr haqda danışdıq, həmin olayların dünyadakı son proseslərə, o cümlədən ayrıca Azərbaycan və Türkiyəyə təsirindən bəhs etdik...

-Ərəstun bəy, artıq neçə ildir ABŞ-da yaşayırsız, ötən 20 il ərzində 11 sentyabr terror olayları haqda hansı nəticələrə gəlmisiz?

-Nəinki ABŞ-da yaşadığım müddətdə, ondan əvvəl də 11 sentyabr terror olayını daimi araşdırmışam. Həmin hadisələrlə bağlı müxtəlif rəsmi qurumların hesabatları, Senatın dinləmələri, Konqresdəki müzakirələr və s. ilə diqqətlə tanış olmuşam. Və bu başdan deyim ki, əslində həmin terror aktı son dövrlərin ən iri miqyaslı terror aktıydı ki, bundan sonra hər kəs bu olayın dünyanı dəyişəcəyini deyirdi.  Amma ümumi gedişatda heç bir şey dəyişmədi, dünya elə həmin dünyadır. Və əksinə, terrorçuluq bir qədər də aktivləşdi. Beynəlxalq terrorizm öz coğrafiyasını daha da genişləndirib və terrorçular bu mənada dünyanı dəyişmək iddialarına cavab verdilər...

-Bu faciənin guya ABŞ xüsusi xidmət orqanları, yaxud  Amerika “dərin dövlət”i tərəfindən Yeni Dünya Düzəni planlarını həyata keçimək məqsədilə qəsdən törədildiyi haqda fərziyyələrə münasibətiniz necədir?

-11 sentyabr haqda müxtəlif konspiroloji nəzəriyyələr var. O cümlədən bəziləri iddia edir ki, guya 11 sentyabr terror aktını müəyyən məqsədlərlə Amerika xüsusi xidmət orqanları özləri təşkil edib. Və yaxud guya bu, antiqlobalistlərin qlobalistlərə qarşı aksiyasıdır. Yəni belə uydurma fərziyyələr çoxdur. Amerika Birləşmiş Ştatlarının dövlət idarəetmə sistemini, ölkədəki hakimiyyət bölgüsü prinsiplərini, hakimiyyətə nəzarət mexanizmlərini bilməyən kəslər yalnız belə absurd fikirlər irəli sürə bilərlər. Deyirlər ki, guya 11 sentyabr terror aktını müəyyən məqsədlərlə Amerika xüsusi xidmət orqanları özləri törədib. Bu, absurddur. Bundan absurd bir şey də düşünmək mümkün deyil. Ən azı, ona görə ki, demokratik ölkələrdə, Qərb dövlətlərində, xüsusən də ABŞ-da hər hansı bir cinayətə məcbur edilmiş, təhrik olunmuş şəxsin ömrü boyu susacağına heç kəs təminat verə bilməz. Bu, birmənalı olaraq terror aktıydı. Bu, “Əl-Kaidə”nin törətdiyi terror aktıydı. Bununla bağlı, bunu təsdiqləyən minlərlə sənədlər, faktlar var. Və bütün bu spekulyasiyalar hələ Sovet İttifaqının Əfqanıstanı işğal etdiyi dövrdə terrorçu “Əl-Kaidə”-nin ABŞ-la  əməkdaşlığından qaynaqlanır. Ancaq 11 sentyabr terroru baş verəndə artıq həmin vaxtdan, o cümlədən SSRİ-nin Əfqanıstanı tərk etməsindən 10-20 il vaxt keçmiş və “Əl-Kaidə” ilə Ağ Ev, Pentaqon arasında çox kəskin münasibətlər yaranmışdı. Yəni həmin hadisələrin tarixini bilməyən insanlar müxtəlif iddialar irəli sürə bilər. Amma gəlin biz məsələyə həmin iddialardan doğan sualların prizmasından yanaşaq. Guya 11 sentyabr olayları dünyanı dəyişməliydi. Baxaq görək, həmin faciə dünyanı dəyişdimi? Bayaq dediyim kimi,  2001-ci ilin sentyabrından bəri keçən 20 il ərzində ümumi gedişatda heç bir şey dəyişmədi.  Həmin dünyadır, həmin düzən və qayda ilə yaşayır. Bilirsiz, pandemiya haqda da deyirlər ki, bu uydurulub, bu virus dünyanı dəyişmək məqsədi ilə süni olaraq yaradılıb və s. Axı dünyanın inkişaf dialektikası var və onu heç kəs dəyişə bilməz. Bu, sadəcə olaraq mümkün deyil. Bu mənada bir daha təkrar edirəm, 11 sentyabr terroru bəşəriyyət tarixində və ayrıca müasir tariximizdə ən ağır, ən miqyaslı terror aktlarından biridir. Və çox təəssüf ki, məhz həmin terror aktının ardınca  dünyada müxtəlif terrorçu cərəyan və qruplar bundan ruhlanıb daha da fəallaşdı.  Yəni onlar düşündü ki, artıq ABŞ kimi bir dövlətə qarşı da terror aktı həyata keçirmək olar, onun Pentaqon kimi mühüm bir müdafiə qurumunun binasını da vurmaq olar. Amerikanın az qala simvolu sayılan məlum qoşa qüllələri də partlatmaq olar. Bu məna da bəli, dünya bəlkə də dəyişib. Amma həmin dəyişmə yaxşı istiqamətdə olmadı. Və çox təəssüf ki,  məhz o dövrdən başlayan terrorçuluq tendensiyaları bu gün də davam edir. Bundan sonra ABŞ-ın Əfqanıstandakı, ardınca İraqda keçirdiyi hərbi-siyasi kampaniyalar, fikrimcə, uğursuzluğa düçar oldu. Və ABŞ rəhbərliyi özü də bunu etiraf edir və buna görə də hər iki ölkədən çıxdılar. Bu, artıq başqa bir məsələdir. Bu, administrasiyaların  sırf xarici siyasətdəki səhvlərinin nəticələridir...

-11 Sentyabr  ayrıca Azərbaycan və Türkiyədəki proseslərə necə təsir göstərdi?

-11 Sentyabrın Azərbaycan və Türkiyəyə təsirindən danışsaq, onu demək olar ki, məhz bu olaylardan sonra rəsmi Bakı Vaşinqtonla daha da yaxınlaşdı. Məsələ orasındadır ki, Əfqanıstana yeritmək üçün koalisiya yaradılanda Azərbaycan da Türkiyə ilə yanaşı həmin koalisiyanın üzvü olmaqla bərabər Əfqanıstana daşınan hərbi yüklərin öz hava məkanından keçirilməsinə də razılıq verməklə ABŞ-la strateji əməkdaşlığa başladı. Bu mənada 11 sentyabrın müsbət təsiri oldu.  Və konkret Türkiyəyə gəldikdə, nə qədər ziddiyyətlər olsa da, Türkiyə ilə ABŞ ən yaxın müttəfiqlərdir. Bu, açıq-aydın görünür. Və belə də davam edəcəkdir. Çünki müştərək maraqlar olduqca çoxdur...

-Ərəstun bəy, Əfqanıstanda məhz 11 sentyabrdan sonra başlanan ABŞ müdaxiləsi və son nəticədə Vaşinqtonun qoşunlarını həmin ölkədən çıxarması eyni senarinin davamıdır, yoxsa bu 20 ildəki hadisələr elə kortəbii şəkildə inkişaf edib?

-Demək olmaz ki, son 20 ildəki hadisələr kortəbii inkişaf edib. Təbii ki, onlara həm böyük dövlətlərin, həm də transmilli korporasiyaların müdaxilələri olub. Bunlar hamısı təbii hallardır. Və son 20 ildə dünya təkrar iki, hətta üçqütblü olubdur. Yəni SSRİ dağıldıqdan sonrakı təkqütblü dünya artıq yoxdur. Bunun özü də əsasən kortəbii inkişafın nəticəsidir.  Çin daha da güclənib. Rusiya 2000-ci ildən bəri özünə gəlib. Və nəticədə dünya öncə dediyim kimi, üçqütblüdür. Bu mənada, əlbəttə, son 20 ildə dəyişikliklər olub. Amma bütövlükdə dünyadakı proseslər, onun inkişafı öz dialektik xətti üzrə gedir.

Oxunma sayı 44