13 yaşlı uşaq oğurlanan bacısını sapandla xilas etdi

11:17 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Miçiqan ştatında bacısını qaçırmaq istəyən şəxsi sapandla vuran 13 yaşlı uşaq həmin anları danışıb.

Hafta.az-ın “The Washington Post”a istinadən yazdığına görə, hadisə baş verən zaman Oven Börns və 8 yaşlı bacısı evdə tək olub. Börns otağında olarkən bağda oynayan bacısının qışqırıqlarını eşidib. Oğlan pəncərədən baxanda kiminsə qızı meşəyə sürükləməyə çalışdığını görüb.

Daha sonra Börns sapandını götürüb və təxminən 60 metr aralıda olan təcavüzkarın üzərinə pəncərədən daş atıb və zərbə birbaşa hücumçunun sinəsinə dəyib. Bu yolla kiçik qız təcavüzkarın əlindən çıxaraq evə qaçmağı bacarıb.

Uşaqlar daha sonra analarına Meggi Börnslə, o da polislə əlaqə saxlayıb. Əraziyə gələn polis 17 yaşlı şübhəlinin yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gizləndiyini aşkarlayıb.

"Sadəcə bəxtim gətirdi. Bu, böyük hədəf idi. Bu, kola şüşəsini vurmağa bənzəmir", - Oven Börns deyib.

Börns bildirib ki, həmin an kompüterdə oyun oynadığını, bacısının qışqırdığını eşidib, amma əvvəlcə onunla zarafat etdiyini fikirləşib, ikinci qışqırıqda isə təşvişə düşüb: “Pəncərədən baxdım və kiminsə onu oğurlamaq istədiyini gördüm. Dəli oldum”.

Ana Börns, oğlunun təcavüzkarı sapandla vurduğuna əvvəlcə inanmadığını, lakin polis qruplarına adı açıqlanmayan hücumçunun yaralandığına dair məlumat verdikdə əmin olduğunu ifadə edib.

Polis məmuru Con Qrimşou da Oven Börnsü təbrik edib.

Adı açıqlanmayan hücumçuya qarşı uşaq oğurluğuna cəhd, zorakılığa cəhd və təcavüzə cəhd ittihamları ilə cinayət işi açılıb.