2022-ci ildə malyariyadan dünyada 608 min insan ölüb

10:16 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə dünyada 249 milyon malyariya hadisəsi aşkar edilib və 608 min insan bu xəstəlikdən dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 25 Aprel Ümumdünya Malyariya Günü üçün cari məlumatlarını tərtib edib.

Dişi anofel ağcaqanadlarının dişləməsi ilə ötürülən parazitin törətdiyi malyariya ÜST tərəfindən “müalicə edilə bilən və qarşısı alına bilən xəstəlik” kimi müəyyən edilib.

"Malyyariya" olaraq da adlandırılan xəstəliyin simptomlarına qızdırma, titrəmə, baş ağrısı, yorğunluq, gözlərin və dərinin saralması, qıcolmalar və nəfəs almaqda çətinlik daxildir.

Builki Ümumdünya Malyariya Gününün mövzusu “Daha ədalətli dünya üçün malyariya ilə mübarizənin sürətləndirilməsi”dir.

Ümumdünya Səhiyyə Təşkilatının ötən ilin noyabrında dərc etdiyi “2023-cü il Dünya Malyariya Hesabatı”na əsasən, 2022-ci ildə dünyada 249 milyon malyariya hadisəsi aşkar edilib və 608 min insan xəstəlik səbəbindən dünyasını dəyişib.

Xəstəliyə ən həssas qrup olan 5 yaşa qədər uşaqlar dünya üzrə malyariyadan ölümlərin 76 faizini təşkil edir.

Qlobal miqyasda bütün halların təxminən 94 faizini təşkil edən Afrikada 2022-ci ildə 233 milyon insana malyariya diaqnozu qoyulsa da, dünyada bu halların 50 faizindən çoxu Nigeriyada, Konqo Demokratik Respublikasında qeydə alınıb. Epidemiyanın ən şiddətli olduğu ölkələr isə Uqanda və Mozambikdir.

Qitədə yoluxma riski yüksək olan 33 ölkədə hamilə qadınların üçdə birinin malyariyaya yoluxduğu müəyyən edilib. Malyariya səbəbiylə az çəki ilə doğulan körpələrin təxminən 58 faizinin hamilə qadınlara xüsusi müdaxilələrlə qarşısı alınıb.

Dünyada malyariyaya yoluxma hallarının təqribən 2 faizi Cənub-Şərqi Asiyada, regionda diaqnozların 66 faizi isə Hindistanda qeydə alınıb.

2021-2022-ci illərdə Şərqi Aralıq dənizində malyariya hadisələrinin 25 faiz artması Pakistanda 30 milyon insanı təsir edən daşqınlardan sonra 2,1 milyon insanın malyariyaya tutulması ilə izah edilib.

Amerika qitəsində təxminən 600 min yoluxma halının 73 faizi Venesuela, Braziliya və Kolumbiyada aşkarlanıb.

2015-ci ildən Avropada malyariya diaqnozu qoyulmadığı halda, Azərbaycan, Tacikistan və Mərkəzi Amerika ölkəsi Beliz 2023-cü ildə malyariyadan azad ölkələr siyahısına daxil edilib.

ÜST malyariyaya yoluxma riski yüksək olan ərazilərdə parazit daşıyıcı ağcaqanadlardan qorunmaq üçün dərmanlı çarpayı şəbəkələrindən istifadə etməyi, malyariyaya şübhə olduqda səhiyyə müəssisələri ilə məsləhətləşməyi və müalicə prosesində malyariyaya qarşı vaksinlərdən istifadə etməyi tövsiyə edir.

2019-cu ildən malyariya epidemiyası olan ölkələrdə ÜST-nin rəhbərliyi altında peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI), QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Qlobal Fondu (Qlobal Fond) tərəfindən maliyyələşdirilən peyvəndlər həyata keçirilir.

Bundan əlavə, 2022-ci ildə malyariya epidemiyası olan ölkələrdə dərmanlı çarpayı şəbəkələri paylanılıb.

Epidemiyadan təsirlənən ölkələrlə həyata keçirilən bu təşəbbüslər sayəsində 2000-2022-ci illərdə 2,1 milyard malyariya hadisəsinin qarşısı alındığı təxmin edilir.

ÜST-nin 2016-2030-cu illər üçün hazırladığı “Malyyariya üzrə Qlobal Texniki Strategiya”da qarşıya qoyulan hədəflərə çatmaq üçün 2025-ci ildə malyariya tədqiqatlarına 9,3 milyard dollar sərmayə qoyulması lazım olduğu müəyyən edilib.