2023-cü ilin ən yaxşı və ən pis şəraitli şəhərləri

12:45 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"The Economist"in hər il ənənəvi olaraq hazırladığı illik "Global Liveability Index" hesabatı açıqlanıb.

Hafta.az-ın yazdığına görə, İngiltərə mərkəzli jurnalın araşdırma və təhlil şöbəsi "Economist Intelligence Unit" (EIU) tərəfindən hazırlanan araşdırmada Avstriyanın paytaxtı Vyana yenidən dünyanın ən yaşana bilən şəhəri seçilib.

2018 və 2019-cu illərdə birinci yerdə olan Vyana iki il əvvəl muzeylər və restoranlar bağlandığı üçün əvvəlki yerini itirsə də, 2022-ci ildə yenidən bu pilləyə qayıdıb.

Dünyanın 173 şəhərini müqayisə edən hesabatda səhiyyə, təhsil, sabitlik, infrastruktur və ətraf mühit kimi amillər araşdırılır. İlk üçlükdə Vyananı Danimarkanın paytaxtı Kopenhagen və Avstraliyanın Melburn şəhərləri izləyib.

Böyük Britaniyanın paytaxtı London 12 pillə geriləyərək 46-cı yerə, İsveçin paytaxtı Stokholm isə 22 pillə geriləyərək 43-cü yerə düşüb. Hesabatda bu şəhərlərin ballarında nəzərəçarpacaq bir azalma olmadığı, lakin digər yerlərin, xüsusilə Asiya şəhərlərinin əhəmiyyətli xal qazandığı yazılıb.

Siyahının sonunda Suriyanın paytaxtı Dəməşq qərarlaşıb. Dəməşqin tam qarşısında Liviyanın paytaxtı Tripoli və Əlcəzairin paytaxtı Əlcəzair şəhəri var. Dəməşq istisna olmaqla, sonuncu yerdə olan şəhərlərin xalı pandemiyanın azalması ilə artıb.

Beləliklə, ən yaşana bilən 10 şəhərlə tanış olaq: Vyana (Avstriya), Kopenhagen (Danimarka),  Melburn (Avstraliya), Sidney (Avstraliya), Vankuver (Kanada), Sürix (İsveçrə), Kalqari (Kanada), Cenevrə (İsveçrə), Toronto (Kanada), Osaka (Yaponiya) və Oklend (Yeni Zelandiya).

Yaşayış baxımından ən pis şəraitli 10 şəhər isə bunlardır: Douala (Kamerun), Kiyev (Ukrayna), Harare (Zimbabve), Dəkkə (Banqladeş), Port Moresbi (Papua Yeni Qvineya), Karaçi (Pakistan), Laqos (Nigeriya), Əlcəzair (Əlcəzair), Tripoli (Liviya), Dəməşq (Suriya).