2024-cü il dünya tarixində çox təlatümlü il kimi yadda qalacaq. Siyasi müstəvidə seçkilər, qanlı müharibələr və təbii fəlakətlər ilboyu gündəmi zəbt edib.
“Həftə içi” olaraq 2024-cü ildə dünyada baş verən ən yaddaqalan hadisələrin xronikasını təqdim edirik:
Yanvarın 1-də Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İran və Efiopiya rəsmən BRİCS qrupuna üzv olublar.

Yanvarın 1-də Yaponiyada 7,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı 376 nəfər həlak olub.
Yanvarın 2-də Yaponiyanın paytaxtı Tokioda sərnişin təyyarəsi eniş edərkən Sahil Mühafizəsinin təyyarəsinə çırpılıb. Hərbi təyyarədəki 5 ekipaj üzvü həlak olub. Sərnişin təyyarəsindəki 380 nəfər təhlükəsiz şəkildə təxliyə edilib.
Yanvarın 2-də Cənubi Koreyanın əsas müxalifət lideri Li Jae-Myunq jurnalistlərin suallarını cavablandırarkən boğazından bıçaqlanıb. Li xəsarət alsa da, sağ qalıb.
Yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi baş tutub. 248 rusiyalı və 200 ukraynalı əsir xilas edilib.
Yanvarın 7-də Banqladeşdə keçirilən seçkilərdə qələbə qazanan Şeyx Hasina Vecidin partiyası təkbaşına hakimiyyəti davam etdirib.
Yanvarın 8-də Fransanın Baş naziri Elizabet Borne istefa verib.

Yanvarın 11-də Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı qaldırdığı “soyqırımı işi” başlayıb.
Yanvarın 13-də Tayvanda keçirilən seçkilərdə Lai Çinq-te qalib gəlib.
Yanvarın 15-də Yəməndə husilərin nəzarətində olan bölgədən USS Laboon-a raket atılıb. Havada məhv edildiyi bildirilən raket ABŞ qüvvələrinə bölgədəki ilk hücum olub.
Yanvarın 19-da Yaponiya Kosmik Agentliyinə məxsus SLIM adlı kosmik gəmi Aya eniş edib və bununla da Yaponiya Aya enən 5-ci ölkə olub.
Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 92 faiz səslə növbəti dəfə prezident seçilib.
Fevralın 11-də Finlandiyada keçirilən prezident seçkilərində Aleksandr Stubb 51,6 faiz səslə qalib gəlib.
Fevralın 14-də İndoneziyada keçirilən seçkilərdə Prabovo Subianto prezident seçilib.
Fevralın 16-da Rusiya müxalifətinin lideri Aleksey Navalni saxlandığı Yamalo-Nenets vilayəti həbsxanasında vəfat edib.

Fevralın 21-də Türkiyənin inkişaf etdirdiyi 5-ci nəsil döyüş təyyarəsi KAAN ilk uçuşunu uğurla həyata keçirib.
Martın 3-də Pakistan parlamentində keçirilən səsvermə nəticəsində Şahbaz Şərif ikinci dəfə baş nazir seçilib.
Martın 8-də İsveç Türkiyə ilə çətin danışıqlardan sonra rəsmən NATO-ya daxil olub.
Martın 10-da Portuqaliyada keçirilən ümumi seçkilər nəticəsində hakim Sosialist Partiyası çoxluğu sağçı Demokratik Alyansa uduzub.

Martın 13-də Finlandiya və İsveçin NATO-ya daxil olmasına reaksiya verən Putin “Mövcudluğumuz təhlükə altında olarsa, nüvə silahından istifadə etməyə hazırıq” deyib.
Martın 14-də ABŞ-də keçirilən praymerizdə Prezident Co Bayden və keçmiş Prezident Donald Tramp lazımi sayda nümayəndə sayına çatıb.
Martın 17-də Rusiyada keçirilən prezident seçkilərində 87,8 faiz səs toplayan Vladimir Putin yenidən prezident seçilib.

Martın 22-də Moskvada “Crocus City Hall” konsert zalına silahlı hücum olub. Terror hücumu nəticəsində, azı, 137 nəfər həlak olub.
Martın 24-də Seneqalda keçirilən prezident seçkilərində Bassirou Diomaye Faye 53 faiz səslə qalib gəlib.
Martın 26-da ABŞ-nin Baltimor şəhərində Frensis Skott Key körpüsü konteyner gəmisinə çırpılması nəticəsində uçub.
Martın 31-də Rumıniya və Bolqarıstan Avropa İttifaqının Şengen zonasına qoşuldu.
Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İranın konsulluq binasına hava hücumu həyata keçirib. Nəticədə ikisi general olmaqla, ümumilikdə, 7 nəfər həlak olub.
Aprelin 3-də Tayvan sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 16 nəfər ölüb.
Aprelin 11-də Cənubi Koreyada keçirilən seçkilərdə Koreya Demokratik Partiyası parlamentdə çoxluğu qazanıb.

Aprelin 13-də İran çoxsaylı İHA və qanadlı raketlərdən istifadə etməklə İsrail ərazisinə hücum edib.
Aprelin 19-da İsrail İranın hücumuna cavab olaraq İrana hava zərbəsi endirib.
Mayın 5-də ABŞ İsrailə silah-sursat göndərilməsini dayandırmaq qərarına gəlib.
Mayın 7-də yenidən Rusiya prezidenti seçilən Vladimir Putin and içərək, rəsmən 5-ci müddət fəaliyyətə başlayıb.
Mayın 15-də Slovakiyanın Baş naziri Robert Fikoya atəş açılıb. Xəstəxanaya aparılan Fiko bir müddət sonra sağlamlığına qovuşub.

Mayın 19-da İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı daşıyan helikopter Azərbaycandan qayıdarkən qəzaya uğrayıb.Hadisə zamanı Rəisi və Abdullahian da daxil olmaqla 8 nəfər ölüb.
İyunun 1-də Hindistanda ümumi seçkilər başa çatıb. Baş nazir Narendra Modinin də daxil olduğu alyans seçkidə qalib gəlib.
İyunun 9-da İsrailin Müharibə kabinetinin üzvü Benni Qantz müdafiə naziri Yoav Gallantı və baş nazir Benyamin Netanyahunu tənqid edərək istefa verib.

İyulun 9-da Avropa Parlamentinə seçkilərdə ifrat sağçılar üstünlük qazanıb. Seçkilərin lideri Avropanın ən böyük beynəlxalq siyasi partiyası olan sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) olub və onlar 720 mandatdan 184-nü alıb.
İyunun 9-da Fransa Prezidenti Emmanuel Makron parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib.
İyunun 17-də İsrailin Baş naziri Benyamin Netanyahu müharibə kabinetini buraxıb.
İyunun 19-da Rusiya Prezidenti Vladimir Putin 24 ildən sonra Şimali Koreyaya rəsmi səfər edib.

İyunun 28-də ABŞ-də Co Bayden və Donald Tramp televiziyada üzləşiblər. Bundan sonra Baydenin çıxışı tənqid olunub və onun geri çəkilməsinə dair çağırışlar artıb.
İyunun 29-da İranda keçirilən prezident seçkilərində namizədlərdən heç biri 50 faizi keçə bilmədiyi üçün Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili ikinci tura keçiblər.
İyulun 4-də Böyük Britaniyada keçirilən seçkilərdə əsas müxalifət olan Leyboristlər Partiyası təkbaşına iqtidara gəlib və Keir Starmer yeni baş nazir olub.
İyulun 5-də Macarıstanın Baş naziri, Avropa İttifaqının müvəqqəti sədri Viktor Orban Rusiyaya gedərək prezident Putinlə görüşüb. Səfər Aİ-də böyük böhranı alovlandırıb.
İyulun 6-da İranda keçirilən seçkilərin ikinci turunda Məsud Pezeşkian İranın yeni prezidenti olub.

İyulun 7-də Fransada keçirilən ümumi seçkilərin ikinci turunda solçu partiyaların ittifaqı olan Yeni Xalq Cəbhəsi ən çox səs toplayıb. Amma parlamentdə heç bir partiya çoxluq qazana bilməyib və baş nazir Qabriel Attal istefa verib.
İyulun 13-də ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinq keçirərkən sui-qəsd cəhdinə məruz qalaraq qulağından yaralanıb.

İyulun 19-da bütün dünyada Microsoft əməliyyat sistemlərində texniki nasazlıqlara səbəb olan proqram təminatı problemi baş verib. Bundan xüsusilə hava yolları şirkətləri zərər çəkib. Uçuşlar dayandırılıb.
İyulun 21-də ABŞ Prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl namizədliyini geri götürdüyünü, əvəzində müavini Kamala Harrisi dəstəkləyəcəyini açıqlayıb.
İyulun 23-də Kamala Harris lazımi sayda nümayəndə toplayıb və Donald Trampın rəqibi olub.
İyulun 31-də “Həmas” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi Tehranda qətlə yetirildi.

Avqustun 1-də Türkiyənin paytaxtı Ankarada ABŞ və Rusiya da daxil olmaqla 7 müxtəlif ölkənin həbsxanalarında məhbusların qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatı baş tutub.
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı Afrikada meymunçiçəyi hallarının artması ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.
Sentyabrın 6-da Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidməti 2024-cü ilin yayının dünyada "ən isti yay" olacağını açıqlayıb.
Sentyabrın 7-də Əlcəzairdə keçirilən prezident seçkilərində prezident Əbdülməcid Tebbun 84 faiz səslə ikinci dəfə prezident seçilib.

Sentyabrın 11-də ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris televiziya debatında görüşüblər.
Sentyabrın 15-də ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə sui-qəsd cəhdinə məruz qalıb. Trampın olduğu yerin yaxınlığında silah səsləri eşidilib. Tramp sağ-salamat xilas olub.
Sentyabrın 17-də “Hizbullah” üzvlərinin istifadə etdiyi minlərlə peycer və radio eyni vaxtda partladılıb.
Sentyabrın 18-də “Hizbullah”a qarşı peycer hücumlarının ikinci dalğası baş verib. İki gün davam edən partlayışlarda ən azı 42 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Sentyabrın 19-da İsrail ordusu Livanda “Hizbullah”ın 50-dən çox obyektinə hava zərbələri endirib.
Sentyabrın 23-də İsrail Livana ən böyük hava zərbələrindən birini həyata keçirib. Livanın Səhiyyə Nazirliyi ən azı 182 nəfərin öldüyünü açıqlayıb.
Sentyabrın 25-də İsrailin hücumları səbəbindən Livanın cənubundan 150 min insanın köç edib.
Sentyabrın 26-da ABŞ-nin Florida ştatına təsir edən “Helene” qasırğası nəticəsində 167 nəfər həyatını itirib.
Sentyabrın 27-də İsrailin həyata keçirdiyi hücumda aralarında “Hizbullah” lideri Həsən Nəsrullah da daxil olmaqla 33 nəfər həyatını itirib.
Oktyabrın 1-də Mark Rutte NATO-nun yeni baş katibi olub və vəzifəsini Yens Stoltenberqdən təhvil alıb.

Oktyabrın 2-də İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı hücumda 500 raketdən istifadə edildiyini açıqlayıb.
Oktyabrın 6-da Tunisdə keçirilən prezident seçkilərində Kays Səid səslərin 90 faizini toplayaraq ikinci dəfə prezident seçilib.

Oktyabrın 16-da İsrail “Həmas” Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni əvəz edən Yəhya Sinvarı öldürdüyünü açıqlayıb.
Oktyabrın 26-da Türkiyənin paytaxtı Ankarada Türk Aerokosmik Sənayesi (TAI) kampusunda terror aktı törədilib. Hücum nəticəsində 5 nəfər həlak olub.
Oktyabrın 27-də Yaponiyada keçirilən seçkilərdə 15 ildir hakimiyyətdə olan Liberal Demokrat Partiyası parlamentdəki çoxluğunu itirib.
Noyabrın 4-də İsrail Suriyaya hücum edərək Dəməşqdə “Hizbullah”ın hədəfini vurduğunu açıqlayıb.
Noyabrın 5-də ABŞ 47-ci prezidentini seçib. Donald Tramp və Kamala Harrisin yarışdığı seçkidə Tramp böyük fərqlə seçkidə qalib gəlib.
Noyabrın 6-da Almaniyada Baş nazir Olaf Şolz maliyyə naziri Kristian Lindneri istefaya göndərdiyi üçün üçlü koalisiya dağılıb. Gələn il ölkədə növbədənkənar seçkilərin keçirilməsi qərara alınıb.

Noyabrın 16-da ABŞ prezidenti Co Bayden Ukraynaya Rusiya ərazisində ABŞ istehsalı olan uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.
Noyabrın 17-də Ukrayna ABŞ-ın icazəsindən cəmi bir gün sonra Rusiyaya qarşı ABŞ istehsalı olan uzaqmənzilli raketlərdən istifadə edib
Noyabrın 20-də Rusiya Ukraynanın uzaqmənzilli raket hücumuna qitələrarası ballistik raketlə cavab verib.

Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Qallantın həbs olunması barədə hökm verib.
Noyabrın 27-də Yaxın Şərqdə ilk atəşkəs əldə edilib - Livanla İsrail atəşkəs barədə razılığa gəliblər.
Noyabrın 27-də “Heyət Təhrir əş-Şam”ın (HTŞ) başçılıq etdiyi müxalifət qüvvələri Suriyada orduya qarşı hücuma keçib.
Dekabrın 2-də ABŞ Prezidenti Co Bayden oğlu Hunter Bayden üçün əfv səlahiyyətindən istifadə edib.
Dekabrın 2-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib: “Əgər girovlar 2025-ci il yanvarın 20-dən əvvəl azad edilməsə, Yaxın Şərq cəhənnəmə çevriləcək”.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Suk-yeol hərbi vəziyyət elan edib, ordu parlament və siyasi partiyaların fəaliyyətini qadağan edib. Parlament Yunun qərarını ləğv edib və ona qarşı istintaq başladılıb, müvafiq nazirlər istefa veriblər.
Dekabrın 4-də Fransada 62 ildən sonra ilk dəfə hökumət etimadsızlıq səsverməsi ilə devrilib.
Dekabrın 8-də Suriyada HTŞ-nin silahlı dəstələri Hələb, Həma, Dəraa və Homsda nəzarəti ələ keçirərək paytaxtı Dəməşqə daxil olublar. Bəşər Əsəd ölkəni tərk edib. Suriyada Bəşər Əsədin hakimiyyəti başa çatıb.
Dekabrın 12-də Türkiyənin MİT sədri İbrahim Kalın Dəməşqə gedib və Əməvi məscidində namaz qılıb. O, Dəməşq küçələrində HTS lideri Colaninin idarə etdiyi avtomobildə görüntülənib.
Dekabrın 13-də Fransada Mişel Barnier hökuməti etimadsızlıq səsverməsi ilə devrildikdən sonra prezident Emmanuel Makron Demokratiya Hərəkatının lideri Fransua Bayrunu baş nazir təyin edib.
Dekabrın 14-də hərbi vəziyyət elan edilməsi qərarı ilə müxalifətin hədəfinə çevrilən Cənubi Koreya prezidenti Yun Suk Yeol parlamentdə keçirilən səsvermə ilə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Dekabrın 15-də Donald Tramp Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verərək deyib ki, “Suriyada baş verəcəklərin açarı Türkiyənin əlində olacaq. Prezident Ərdoğan çox ağıllı və çox güclü, mənim yaxşı anlaşdığım adamdır”.

Dekabrın 16-da Almaniyada keçirilən etimad səsverməsində hökumət kifayət qədər səs çoxluğu əldə edə bilməyərək süqut edib.
Dekabrın 17-də Avropa İttifaqı Dəməşqdəki səfirliyini yenidən açmaq qərarına gəlib.
Dekabrın 23-də ABŞ prezidenti seçilmiş Donald Tramp Panama kanalının və Danimarkaya məxsus Qrenlandiya adasının ABŞ-ın mülkiyyətinə verilməli olduğunu bildirərək adıçəkilən iki ölkəyə qarşı ərazi iddiası irəli sürüb.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən Aktau yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər yaralanıb...