Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB

21:18 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.

***

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində iyulun 21-də sursat partlayışı hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərxan Ələsgər oğlu İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

“Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.