“2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlaması məsələsini gündəmə gətirməmək haqda qərar verdik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqı tərəfindən istənilən büdcə qrantından imtina edirik. 2028-ci ilin sonu Gürcüstanın 2030-cu il üçün Avropa İttifaqına üzv olması üçün danışıqları açmağa iqtisadi nöqteyi-nəzərdən müvafiq şəkildə hazır olacağı vaxtdır”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Gürcüstanı Avropa ailəsinin tamhüquqlu üzvü etmək bizim Gürcüstanın tarixi və ulu əcdadlarımız qarşısında məsuliyyətimizdir. Müvafiq olaraq, bizim dövlətçilik vəzifəmiz Gürcüstanın 2030-cu il üçün Avropa İttifaqına üzv olmasıdır, bunun uğrunda səylərimizi əsirgəməyəcəyik. Xüsusilə qeyd edilməlidir ki, Gürcüstan-Avropa İttifaqı münasibətləri məzmununa görə yalnız ikitərəfli ola bilər. Biz böyük tarixi olan qürurlu və özümüzə hörmət edən xalqıq. Müvafiq olaraq, Avropa İttifaqına inteqrasiyanı Avropa İttifaqının bizə göstərməli olduğu mərhəmət kimi görmək bizim üçün qətiyyən qəbuledilməzdir. Üstəlik, hesab edirik ki, Gürcüstan zəngin mədəniyyəti və potensialı ilə Avropa İttifaqını onun Gürcüstanı zənginləşdirdiyi kimi zənginləşdirə bilər” deyən Kobaxidze bildirib ki, ölkənin xoş gününü istəməyənlər Avropa Parlamentini Gürcüstana qarşı çılpaq şantaj silahına çeviriblər. Bu da Avropa İttifaqının ən böyük utancıdır. Avropa Parlamenti ötən 3 il ərzində yalan və təhqirlərlə dolu 5 qətnamə qəbul etdiyini xatırladan baş nazir, bu qətnamələri nəinki gürcü cəmiyyətin, hətta Avropa Komissiyası və Avropa Şurasının da bölüşmədiyini deyib.
“Avropalı siyasətçilərin və bürokratların ayrılan qrant və kreditlərdən Gürcüstana qarşı şantaj məqsədilə istifadə etməsinin şahidi oluruq. Onların seçkilərə qeyri-legitim təsir göstərmək məqsədilə, 2021-ci ilin seçkilərinə bir neçə həftə qalmış Gürcüstan üçün 75 milyon avro həcmində krediti necə ləğv etməyi planlaşdırdıqları hamımızın yadındadır. Oxşar addım 2024-cü ilin parlament seçkiləri öncəsi də atıldı, lakin bu, gürcü xalqının seçiminə heç bir təsir göstərə bilmədi. Pulun şantaj üçün istifadəsi də özünə hörmət edən gürcü xalqı üçün heç vaxt məqbul olmayacaq təhqiramiz təcrübədir”, deyib İrakli Kobaxidze.
Texniki nöqteyi-nəzərdən danışıqların açılmasından Avropa İttifaqına üzvlüyə qədər cəmi bir il yarım-iki il vaxt lazım olduğunu qeyd edən Kobaxidze deyib ki, 2030-cu ilə qədər heç kim Avropa İttifaqının şərqə doğru genişlənməsini planlaşdırmayıb. Buradan, avropalı siyasətçi və bürokratların bir hissəsinin danışıqlara başlamaq mövzusu ilə Gürcüstan dövlətinə qarşı apardığı şantajın nə qədər süni, son dərəcə təhqiramiz olduğu görünür.
“Biz Avropa İttifaqına doğru yalnız ləyaqətlə irəliləyəcəyik. Bu, gürcü cəmiyyətinin, “Gürcü Arzusu”na və onun kursuna qəti etimadını ifadə edən 1 milyon 120 min seçicinin sifarişidir.
“Sonda bir daha cəsarətlə bəyan etmək istəyirik ki, 2030-cu il üçün Gürcüstan Avropa İttifaqına üzv olmağa bütün namizəd ölkələrdən daha çox hazır olacaq. Gürcüstan yalnız sülh, ləyaqət və firavanlıqla Avropa İttifaqına üzv dövlət olacaq. Bu, gürcü xalqına verdiyimiz sözdür və biz bunu mütləq yerinə yetirəcəyik” – İrakli Kobaxidze bildirib.