ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir. Bu razılaşmanın əsas şərtləri kimi nüvə silahının yayılmasının qarşısının alınması və Hörmüz boğazında azad gəmiçiliyin davam etdirilməsi göstərilir. Qarşı tərəf olan İranın da sazişi təsdiqlədiyi, BMT Baş katibi Antonio Quterreşin isə belə bir razılaşmanı alqışladığı bildirilir.
Bununla bağlı Hafta.az-a danışan siyasi ekspert Vüqar Dadaşovun sözlərinə görə, bu sazişin İranın, yoxsa ABŞ-ın strateji-hərbi və diplomatik qələbəsi kimi qiymətləndirilməsi ətrafında müxtəlif fikirlər mövcuddur. Əslində isə vəziyyət daha mürəkkəbdir.
"Şübhəsiz ki, İran bu qarşıdurmada ağır hərbi, humanitar və inzibati infrastruktur itkiləri ilə üzləşib. Müharibənin ilk günündə İranın 50-dən çox yüksək vəzifəli şəxsinin öldürülməsi və ölkənin faktiki olaraq idarəetmə baxımından başsız qalması İranın hərbi məğlubiyyətinin danılmaz göstəricisidir. Ancaq bu hərbi məğlubiyyət fonunda ABŞ-ın qələbə qazandığını söyləmək də birmənalı deyil. Çünki ABŞ Prezidenti Donald Tramp məhz ilk prezidentliyi dövründə İranla nüvə sazişindən çıxmışdı. Həmin qərarın nəticəsində İran öz nüvə proqramını daha sürətlə inkişaf etdirməyə başlamışdı. Bu baxımdan, bu gün əldə olunduğu bildirilən saziş əslində Donald Trampın ilk prezidentlik dövründə verdiyi yanlış qərarın (08.05.2018-ci il (JCPOA) doğurduğu nəticələrin etirafı kimi də qiymətləndirilə bilər. Əgər əvvəlki nüvə sazişində İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında daha geniş və əhatəli öhdəliklər mövcud idisə, yeni razılaşmanın həmin şərtlərlə müqayisədə daha zəif olduğu və İranın maraqlarına daha uyğun formalaşdığı göz qabağındadır",- ekspert deyib.
ABŞ-ın İranla bu müharibədən iqtisadi gəlirlərlə yanaşı, həm də Çinə qarşı müəyyən uğur əldə etdiyini vurğulayan ekspertin fikrincə, Pekinin artıq iqtisadi inkişaf tempi nəzərəçarpacaq dərəcədə azalıb:
"Bu faktı isə idxal etdiyi neft və qaz həcminin azalması sübut edir. Yeri gəlmişkən, bu müharibədə ən çox udan tərəf İsrail və Rusiya oldu. Ancaq ABŞ hərbi baxımdan üstünlük əldə etsə də, Donald Tramp hakimiyyətinin İran qarşısında siyasi və strateji məğlubiyyəti daha aydın görünür. Artıq ABŞ Yaxın Şərqin, ərəb dünyasının hegemonu deyil, İran ABŞ-a müqaviməti ilə Körfəz ölkələri üzərində "leverage" (təsir və təzyiq imkanı) qazandı".
Razılaşmaya gəldikdə isə, V.Dadaşov deyir ki, Pakistanın vasitəçilik rolu böyükdür. Lakin analizlər göstərir ki, İranla ABŞ arasında anlaşmanın əldə olunmasında Rusiyanın, prezident Vladimir Putinin mühüm rolu olub:
"Razılaşmadan dərhal sonra Donald Trampın Vladimir Putinlə telefon danışığı aparması, daha sonra isə ABŞ və Rusiya nümayəndələri arasında Moskvada yeni görüşlərin planlaşdırılması bu ehtimalları gücləndirir. Son dövrlərdə Rusiya–Ukrayna müharibəsində ABŞ-ın və xüsusilə Trampın proseslərə təsir imkanlarının azalması, Ukraynanın hərbi sənayesinin nəzərəçarpacaq dərəcədə güclənməsi Rusiyanı mürəkkəb vəziyyətlə üz-üzə qoyub. Bu fonda belə bir fikir də səslənir ki, İran məsələsində Trampın nüfuzuna ağır siyasi zərbə dəyməsinin qarşısını alan əsas amillərdən biri məhz Rusiyanın pərdəarxası vasitəçiliyi olub. Demək, gələcəkdə Kremlin bunun müqabilində ABŞ-dan müəyyən siyasi kompensasiya gözləməsi istisna deyil. Və təbii ki, əsas istiqamət Ukrayna məsələsi ola bilər. Lakin mövcud geosiyasi vəziyyət, Ukraynanın müstəqil hərbi imkanlarının güclənməsi onu göstərir ki, artıq Ukrayna ilə bağlı proseslər Trampın birbaşa təsir imkanlarından kənara çıxır".