Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə 15-17 iyun tarixlərində Moskvaya işgüzar səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında Fidanla Lavrov arasındakı görüşlərdə ikitərəfli münasibətlərin, eləcə də beynəlxalq və regional gündəmdəki mühüm məsələlərin müzakirə olunacağı bildirilir.
Hafta.az yazır ki, bəyanatda prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında müntəzəm təmasların iki ölkə arasında siyasi dialoqun inkişafında mühüm rol oynadığı qeyd edilərək, liderlərin 2025-ci ildə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüyü xatırladılır.
Müzakirələr zamanı ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdəki inkişaflar, eləcə də Fələstin məsələsinin həlli perspektivləri qiymətləndiriləcəyi bildirilir. Tərəflər həmçinin Qara dənizdəki inkişafları və təhlükəsiz dəniz nəqliyyatı ilə bağlı məsələləri ətraflı müzakirə edəcəklər.
Bəyanatda gündəliyin sabitliyə nail olmaq, inklüziv siyasi dialoq prosesi və ölkənin sosial-iqtisadi yenidən qurulması səylərinin bir hissəsi olaraq Suriyadakı yeni administrasiyaya dəstək məsələlərinin daxil ediləcəyi bildirilir. Həmçinin bildirilib ki, Lavrov və Fidan Liviyadakı hadisələri, Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, münaqişədən sonrakı bərpa səylərini və 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Bəyanatda Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesini alqışladığı və Orta Asiyada inteqrasiya proseslərinin də müzakirə olunacağı qeyd olunub.
İki nazirin ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafını, bank xidmətlərinin təkmilləşdirilməsini, Rusiya-Türkiyə Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının 20-ci iclasına hazırlıqları qiymətləndirəcəyi gözlənilir.
Bəyanatda həmçinin Akkuyu Atom Elektrik Stansiyasında görülən işlərin, Mavi Axın və Türk Axını layihələrinin istismarı ilə bağlı məsələlərin müzakirə ediləcəyi qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin rus turistləri üçün ən vacib istiqamətlərdən biri olaraq qaldığını və Rusiya vətəndaşlarının turizm mərkəzlərində təhlükəsizliyi ilə bağlı məsələlərin də müzakirə olunacağını bildirib.