23,5 kiloluq iti bel çantasında metroya keçirdi

10:45 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda iti ilə metroda səyahət edən sərnişin TikTok-da məşhurlaşıb. Ceki Hornunqun “Samoyed” cinsindən itini bel çantasına götürərək metroda çəkdirdiyi videoya 3 milyon dəfədən çox baxılıb.

Hafta.az-ın “Newsweek”ə istinadən yazdığına görə, Nyu-York metrosunda itlər qaydalara uyğun olaraq çantada gəzə bilər, əks halda heyvanlar metroya buraxılmır. Hornunq iki gün əvvəl paylaşdığı videoda "İt bu səbəbdən bel çantasındadır" ifadəsini də işlədib. Kadrlarda Hornunq metro stansiyasında belində Lumi adlı itlə görünür. Daha sonra ikisi metroya minir.

Hornunq, təxminən 23,5 kiloqram ağırlığında olan Luminin daşınmağı sevdiyini və çantada olduqca sakit olduğunu söyləyib. Heyvan sahibi çantanın geniş olduğunu və Luminin rahat otura biləcəyini qeyd edib: “O həddən artıq sevimlidir və bel çantasında çox əylənir”.

TikTok istifadəçiləri də şərhlərdə Lumiyə heyran olduqlarını bildiriblər. Videoya "Lələk kimi tüklü" və "Çox yaraşıqlı, sanki bel çantasında bulud gəzdirirsən" kimi şərhlər yazılıb. Bəzi istifadəçilər Hornunqun ev heyvanlarının daşınması qaydasını bu şəkildə aşmasına hörmət etdiklərini bildiriblər.