28 May 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi tariximizdə keyfiyyət və məzmunca yeni səhifənin başlanğıcı oldu.
Bu fikirləri hafta.az-a politoloq Amid Əliyev bildirib:
“Bu, şərqdə ilk dəfə olaraq Azərbaycan xalqının siyasi və mədəni düşünmə səviyyəsinin ən yüksək pillədə olduğunu bir daha sübut elədi. Çünki, yalnız yüksək siyasi düşüncə tərzinə və zəngin mədəni tarixə malik olan bir xalq dövlət yaratmq iqtidarında ola bilər.
İlk dəfə Qafqazda parlamentli respublika idarəetmə formasını seçən Azərbaycan xalqı öz zəngin dövlətçilik tarixinə əsaslanaraq dünya birliyinə şərqdə ilk müsəlman dövlətinin yaradılmasını bəyan etdi”, -deyə A.Əliyev bildirib.
O qeyd edib ki, Xalq Cümhuriyyəti bu gün bizim tariximizdə də siyasi, hüquqi və mənəvi cəhətdən dəyərlidir: “İlk dəfə olaraq azərbaycanlıların vətəndaşlıq statusu müəyyən olundu, dövlət atributları təsis edildi, dövlət dili olaraq Azərbaycan dili müəyyən olundu, dövlətin sərhədləri müəyyən edildi və ordu quruculuğuna başlanıldı. İlk parlamentin təsis olunması, təhsilimizin bazasını təmin edən BDU-nun əsasının qoyulması, milli valyutanın dövriyyə buraxılması və milli mətbuatımızın inkişafının əsası məhz həmin illərdə qoyuldu.
İnsan hüquqları baxımından da AXC dövründə olduqca mütərəqqi addımlar atıldı. Qadınlara seşki hüququnun verilməsi, milli azlıqların parlamentdə təmsil olunması, din və vicdan azadlığı, eləcə də bərabərlik hüququ təmin edildi. İlk istiqlal və etnoqrafiya muzeyləri yaradıldı. İlk kitabxana fondu təşkil edildi.
Həmin dövrdə də ilk dəfə müstəqilliyi tanıyan qardaş Türkiyə oldu. Məhz o tarixdən iki qardaş dövlət arasında münasibətlər illərin sınağından çıxaraq ən üst pilləyə çatdı. Bunun səbəbidir ki, bu gün Bakı səmasında ay-ulduzlar pərvaz edir.
AXC dövründə xalqımızın ruhuna hopan müstəqillik ruhu, istəyi və yanğısı ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən alovlandırıldı. 70 illik sovet hakimiyyəti illərində Heydər Əliyev milli mənəvi dəyərlərimizə yüksək qiymət verərək müstəqilliyin əbədi olmasını yeni nəslə ərməğan etdi. AXC tarixinin dərindən öyrənilməsi məhz H.Əliyevin adı ilə bağlıdır. AXC-dən yadigar qalan üçrəngli hilalımız da məhz 1991-ci ildə Naxçıvanda H.Əliyev tərəfindən qaldırıldı. Bu, AXC tarixinə və o dövürdə həyata keçirilmiş işlərə verilən yüksək qiymətin bariz nümunəsi idi”.
Onun sözlərinə görə, bu gün ölkə başçısı İlham Əliyev AXC nin tarixi varisi kimi müstəqil Azərbaycan dövlətinin beynəlxalq müstəvidə tanınması və müstəqilliyimizin əbədi olması istiqamətində uğurlu xarci siyasət yürüdür: ”AXC dövründən qalmış milli mənəvi dəyərlər daha da inkişaf etdirilir. Hər il məhz 28 May ərəfəsində yüzlərlə məhbus əfv olunur, insanlara öz həyatlarına yenidən başlanmaq fürsəti verilir. AXC-nin yaranmasının 100 illiyi 2018-ci ildə təntənə ilə qeyd edildi və 2018 “Cumhuriyyət ili” elan edildi. Hər il cumhuriyyət qurucularının şərəfinə ucaldılmış abidə ölkə başçısı tərəfindən ziyarət olunur.
Xalqımıza ilk dəfə müstəqilliyi bəxş edən 28 May günü daim tarximizdə şanlı səhifə kimi qalacaq. Milli mənsubiyyətimizin qürur mənbəyi olması ideyası gələcək nəsillərə ötürüləcək”.