Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayonun Bərgüşad kənd sakinləri Hüseyn Behbudovun və Oruc Alməmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.
Həmin şəxslər kənd ərazisində aşkarlanıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.
H.Behbudov və O.Alməmmədov barəsində Ucar RPŞ-də araşdırmalar aparılır.
Cəlilabad və Masallı rayonlarında da yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri V.Məmmədov və Ş.Cavadzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar
Masallıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş G.Həsənov və F.Bayramovun yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslər ictimai yerlərdə aşkarlanıb. Həmin əraziyə təcili tibbi yardım avtomobilləri çağırılmaqla və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları ünvana qaytarılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.