ABŞ-da ən böyük müsəlman vətəndaş hüquqları və müdafiə təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) rəsmiləri Texasın Austin şəhər meriyasının qarşısında verdikləri mətbuat bəyanatında səlahiyyətlilərə müraciət ünvanlayıblar.
Hafta.az-ın yazdığına görə, CAIR-in Austin Şöbəsinin rəhbəri Feyyaz Şah həftə sonu baş verən bıçaqlı hücumun ölkə daxilində müsəlman və Fələstin əleyhinə nifrətin artmasının ən son nümunəsi olduğunu vurğulayaraq, “dövlət və federal hüquq-mühafizə orqanlarını şübhəlilərə qarşı “nifrət yayma” ittihamı ilə cinayət işi açmağa çağırırıq” deyib.
CAIR-in Dallas şöbə müdiri Mustafa Karroll, sözügedən nifrət hücumunu qınadıqlarını ifadə edərək, "Fələstin əleyhdarı irqçilik və müsəlmanlara qarşı təəssübkeşliyin Texasda və ya ölkəmizin başqa heç bir yerində yeri yoxdur" deyə bildirib.
Ostin Polis İdarəsindən verilən açıqlamada hadisənin "qərəz məqsədli" olduğu və nifrət Cinayətləri İstintaq Komitəsi tərəfindən araşdırılacağı qeyd edilib.
Fevralın 4-də Texasın Ostin şəhərində keçirilən Fələstin tərəfdarı nümayişdən sonra avtomobillə evlərinə qayıdan 4 gənc yolda hücuma məruz qalıb.
36 yaşlı Bert Ceyms Baker avtomobilin güzgüsünə bağlanmış fələstinli keffiyeni təhqir edərək onu qoparmağa çalışıb və maşındakılar çölə çıxıb müdaxilə etmək istəyəndə bıçaqla qrupa hücum edib.
Qrupdan biri olan 23 yaşlı Fələstin əsilli amerikalının sinəsindən bıçaqla yaralandığı və əməliyyata alınan gəncin həyati təhlükəsinin olmadığı açıqlanıb.
Nəzarətə alınan Beykerə qarşı ölümcül silahla ağır yaralama ittihamı ilə iddia açılıb.