Hindistanda yaşayn 42 yaşlı bir kişi “Avatar”ın çoxdan gözlənilən davamı olan “Avatar: Suyun yolu” filminə baxarkən infarkt keçirib.
Hafta.az-ın “India Today”a istinadən yazdığına görə, hadisə dekabrın 17-də Hindistanın Andhra Pradeş ştatında baş verib. Qardaşı ilə kinoya gedən Lakşmireddi Srinu filmin ortasında yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılan Srinu xilas etmək mümkün olmayıb.
Srinu müalicə edən həkimlər xəstənin yüksək qan təzyiqinin olduğunu və filmə baxarkən həddən artıq həyəcanlandıqdan sonra əlamətlərinin tətikləndiyini bildiriblər.
Qeyd edək ki, 2010-cu ildə Tayvanda ilk “Avatar” filminə baxan bir nəfər qəfil ürək tutmasından ölmüşdü.
Elmi araşdırmalar göstərir ki, həyəcanverici səhnələri olan filmlər ürək ritmində dəyişikliklərə səbəb versə də, ölümlə nəticələnəcək qədər ciddi təsirləri ola bilərmi? “Hindustan Times” qəzetinə danışan kardioloq dr. Sanjiv Gera infarkt riskində xəstələrin mövcud sağlamlıq vəziyyətinin əhəmiyyətini vurğulayıb. O, yüksək xolesterol, yüksək təzyiq və diabet kimi digər sağlamlıq problemlərinin infarkt keçirə biləcəyini ifadə edib. Kardioloq bildirib ki, stress zamanı yüksək təzyiq Srinunun vəziyyətində olduğu kimi ani ürək dayanması ilə nəticələnə bilər.
Digər kardioloq dr. Pradip Kumar, digər sağlamlıq problemlərinin də infarkta yol aça biləcəyini vurğulayıb: “Digər əsas ürək problemləri olan insanlar da həddindən artıq stress və həyəcandan qəfil ölə bilərlər. Bunun səbəbi həyəcan səbəbiylə koronar damarların zədələnməsi və ya ritm pozğunluğunun tətiklənməsidir”.
Dr. Kumar onu da qeyd edib ki, yalnız filmin ölümə səbəb olması ehtimalı azdır.