5000 əvəzinə 3500 - dövlət dəstəyi ilə xaricdə təhsil almağa göndərilənlər

16:47 24.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”da 5000-ə yaxın azərbaycanlının xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi və bu işə 110 milyon manata yaxın vəsait sərf olundu.

Bu fikirləri hafta.az-a təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, lakin onlar arasında ölkəyə qayıdıb gələnlərin sayı o qədər də çox olmadı:

"Ya da bir müddətlik Azərbaycana qayıtdılar, sonra isə ölkəni tərk etdilər. Bütün hallarda hesab edirəm ki, biz mütləq şəkildə dövlət vəsaiti hesabına oxuyanların müqavilələrinə müəyyən bənd əlavə etməliydik ki, onlar qayıdıb Azərbaycana gəlməli və işləməlidirlər".

K.Əsədov gəncləri xaricdə təhsilə meylləndirən səbəblərə də toxunub və bildirib ki, bu gün Azərbaycan universitetləri əmək bazarının tələblərinə uyğun kadr yetişdirə bilmirlər: “Bu gənclərin xaricdə təhsil almaq istəyinin bir səbəbidir. Biz ali təhsilin keyfiyyəti artırmalıyıq. Təsəvvür edin ki, bu gün pedaqoji təhsilli bir şəxs müəllim olmaq üçün repetitor yanına hazırlığa gedir. Digər bir səbəb isə bizdə təhsil haqqının baha olmasıdır. Azərbaycanda ən ucuz təhsil haqqı 2000-2500 manatdır. Türkiyədə isə 400-500 manatdır. Yəni, gənclər xaricdə təhsilə təhsil haqqının baha, keyfiyyətin aşağı olması səbəbindən meyl edirlər”.