6 yaşlı uşaq 60 min illik neandertal baltası tapıb

10:19 02.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada balaca bir uşaq çimərlikdə oynayarkən on minlərlə illik əl baltası tapıb. İngiltərənin Qərbi Susseks şəhərində yaşayan Ben Vitten üç il əvvəl Şorhem çimərliyində oynayarkən gözünə parlaq bir şey dəyib.

Hafta.az-ın “Fox News”a istinadən yazdığına görə, digər daşlardan çox fərqli görünən bu parçanı o zaman 6 yaşı olan Vitten götürüb evə aparıb və üç il otağında saxlayıb.

Bir neçə həftə əvvəl Uortinq Muzeyində Daş dövrünə aid sərgini ziyarət edərkən, o, evdəki əşyanın bunlara bənzədiyini görüb. Vitten əsəri muzeyə aparanda onun əl baltası olduğu üzə çıxıb. Muzey baltanın 40-60 min il əvvəl "demək olar ki, neandertallar tərəfindən edildiyini" bildirir.

Müasir insanların ən yaxın qohumlarından olan neandertalların naməlum səbəbdən təxminən 40 min il əvvəl nəsli kəsilib.

"Ziyarətçilər müntəzəm olaraq yerli ərazidən tapıntılar gətirirlər" deyib Uortinq Muzeyinin Arxeologiya Kuratoru Ceyms Sainsburi “Fox News”a. “Bunlar, əsasən, çaxmaqdaşı alətləri və ya Roma artefaktlarıdır. Lakin bu, 10 ildən çox müddətdə mənə nümayiş etdirilən ən qədim artefaktdır” o əlavə edib.

Sainsburi həmçinin Neandertal baltalarının çox nadir olduğunu deyir.

Əsəri sərgiləmək üçün muzeyə verən 9 yaşlı Vitten deyir: "Onu saxlamaq istədim, amma düşündüm ki, məndə qalmaqdansa, orada qalsa daha yaxşı olar".

Sainsburi, "Ben gələn fevrala qədər baltanı bizə borc verdi" deyir və əsərin daha sonra uşağa qaytarılacağını bildirir.