828 uşaq ailəsinə reinteqrasiya edilib

12:54 28.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların isti ailə mühitində böyüməsi, onların inkişafının, sağlamlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülür. Övladlığagötürmə və artıq bir müddətdir ki, ölkəmizdə tətbiq olunan “Himayədar ailə” qayğı modeli çərçivəsində uşaqların ailə mühitinə keçidi sürətləndirilib, onların sosial və emosional ehtiyaclarına uyğun qayğı ilə təmin olunmasına şərait yaradılıb.

Hafta.az xəbər verir ki, bu barədə sorğusuna nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətindən cavab verilib.

Bildirilib ki, agentlik tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, həmin müəssisələri tərk etməsi, habelə sosial dəstək mexanizmləri vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması, övladlığa və himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində ardıcıl addımlar atılır. Müəssisələrdə olan hər bir uşaqla bağlı fərdi inkişaf planı hazırlanır və bu zaman uşağın yaşı, sağlamlıq vəziyyəti, maraqları və bacarıqları nəzərə alınır. Plan məhz təhsil, sosial adaptasiya və psixoloji inkişafı dəstəkləyir, eyni zamanda, uşağın ailə mühitinə qaytarılması ehtimallarını müəyyənləşdirməyə imkan verir.

Qeyd edilib ki, 2020-ci ildən bu günədək agentlik tərəfindən 828 uşaq ailəsinə reinteqrasiya edilib.