ABŞ şirkətinin başqa şirkətə olan 23500 dollarlıq borcunu üç ton sikkə ilə ödəmək tələbi məhkəmə tərəfindən rədd edilib.
Hafta.az-ın yazdığına görə, JMF Enterprises adlı şirkət Fired Up Fabrication MMC-yə olan borcunu təxminən 3 ton ağırlığında sikkələrlə ödəmək istəyib.
Kolorado ştatının Larimer məhkəməsində baxılan işdə hakim Cozef Findli borcun sikkələrlə ödənilməsi tələbində pis niyyət aşkar edib. Qərarda qeyd olunub ki, sikkələr qanuni ödəniş vasitəsi olsa da, bu qədər böyük məbləğ qəbul edilə bilməz.
Verilən əsaslandırma ondan ibarət idi ki, sikkələrin sayılmasına sərf olunan xərc və vaxt pulun dəyərini aşağı salacaq.
Digər tərəfdən, iddiaçı şirkət sikkələrin çatdırılmasından yaranan problemlərin həllinə sərf etdikləri vaxta görə 8 min dollar təzminat tələb edib.
Xatırladaq ki, JMF “Fired Up” şirkətini tikinti layihəsində işləmək üçün subpodratçı kimi işə götürmüşdü. Lakin iş bitdikdən sonra şirkətə pul verilmədiyi iddia edilir.
Keçən iyulda aparılan vasitəçilik danışıqlarında JMF subpodratçıya 23500 dollar ödəməyə razılaşıb və minlərlə sikkə təxminən 7 həftə əvvəl pikapla şirkətin vəkili Daniell Bimin ofisinə çatdırılıb.
Vasitəçi müqaviləsində ödəniş üsulu ilə bağlı xüsusi şərtlərin olmadığını bildirən JMF-nin hüquq qrupu iddiaçıya sataşmaq, vaxt itirmək və razılaşmanın qarşısını almaq niyyətində olmadıqlarını iddia edib.