İllərlə iş tapa bilməyən bu şəxslərlə bağlı TƏKLİF VAR

12:34 05.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dövlət qulluğu imtahanları nüfuzdan düşə bilər"

Dövlət qulluğu imtahanından uğurla keçən, lakin illərlə iş tapa bilməyən gənclərlə bağlı yeni yanaşmanın tətbiqi təklif olunur.

Hafta.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev çıxış edib. Deputat bildirib ki, dövlət qulluğu imtahanları gənclərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək məqsədi daşısa da, imtahandan sonrakı mərhələdə bir çox namizəd ciddi problemlərlə üzləşir. O, vurğulayıb ki, yüzlərlə gənc dövlət qulluğu imtahanından uğurla keçərək sertifikat alsa da, həmin sertifikatın qüvvədə olduğu müddətdə iş tapa bilmir.

“Bu insanlar bir vakansiyadan digərinə müraciət edir, müsahibələrdə iştirak edir, amma dəfələrlə uğursuz hesab olunurlar. Cəmiyyətdə də haqlı sual yaranır: əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə və peşəkar hazırlığını sübut edibsə, niyə illərlə iş tapa bilmir?”, - deputat narahatlığını ifadə edib.

Razi Nurullayev hesab edir ki, əsas narahatlıq müsahibə mərhələsində mümkün subyektiv yanaşmalarla bağlıdır:

“İmtahanda konkret bal var, meyar var, qiymətləndirmə aydındır. Müsahibədə isə subyektiv yanaşma ehtimalı daha yüksəkdir. Namizəd çox zaman niyə uğursuz hesab olunduğunu tam anlaya bilmir. Bu isə dövlət qulluğuna qəbul sisteminə etimadı zəiflədir. Bu vəziyyət davam edərsə, dövlət qulluğu imtahanlarının nüfuzuna mənfi təsir göstərə bilər. Gənclər düşünə bilər ki, imtahandan keçmək hələ heç nə demək deyil və əsas qərar başqa mərhələdə verilir. Bu isə dövlətin qurduğu obyektiv qiymətləndirmə mexanizminin mahiyyətinə ziddir”.

Razi Nurullayev sertifikat əldə etmiş şəxslərlə bağlı yeni mexanizmlərin tətbiqini təklif edib:

“Təklif edirəm ki, dövlət qulluğu imtahanından uğurla keçmiş və sertifikat əldə etmiş şəxslərin sertifikat aldıqları tarixdən sonrakı altı ay ərzində işlə təmin olunması istiqamətində hüquqi mexanizmlər yaradılsın. Ən azı bu şəxslər ehtiyat kadr bazası vasitəsilə vakant vəzifələrə prioritet qaydada yerləşdirilməlidirlər. Məqsəd yalnız imtahan keçirmək deyil, bilikli və motivasiyalı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Əgər eyni problem yüzlərlə insan üçün təkrarlanırsa, bu artıq ayrı-ayrı şəxslərin deyil, sistemin təhlil edilməsini tələb edən ciddi siqnaldır”.