Məlum olduğu kimi, Azərbaycanın iqtisadi artım və inflyasiya proqnozları yenilənib. Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata , o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata çatacağı gözlənilir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda müşahidə edilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılmışdır.
“2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə verilən məlumata görə, 2024-cü il üzrə yenilənmiş makroiqtisadi proqnozlar yenilənib.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zamanı (2023-cü ilin oktyabr ayı) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft-qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 və 4,6 faiz səviyyəsində götürülmüşdür.
Lakin 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirmişdir. Yenilənmiş proqnozlara əsasən, 2024-cü ildə ÜDM-in real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 84,7 milyard manata (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı gözlənilir.
2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75 ABŞ dolları səviyyəsinə artırılmışdır.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda müşahidə edilən artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. Bu əsasla 2024-cü ildə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılmışdır.
Eyni zamanda, 2024-cü ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7 faizə qədər azaldılmışdır.
2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz aprel ayına nəzərən dəyişməz saxlanılmış (3,2 faiz), Dünya Bankı (DB) isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilmiş proqnozla müqayisədə 0,2 faiz-bənd artıraraq 2,6 faiz səviyyəsində müəyyən etmişdir. 2024-cü ilin ilk yarısında geosiyasi və geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, disinflyasiya meyillərinin zəifləməsi qlobal iqtisadi gözləntilərlə bağlı qeyri-müəyyənliyə təsir edən amillər olmuşdur.
Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 75,0-85,0 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır.
Məsələ ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov deyib ki, Azərbaycanda inflyasiyaya təsir göstərən əsas faktorlar idxal payının çox olması və yerli istehsalın lazımi həcmdə olmamasıdır. Ekspert hesab edir ki, son aylar dünya bazarında qiymət artımının zəifləməsi nəticəsində inflyasiyanı daha az idxal edirik: “Ona görə də bu, yerli bazarlarda istər-istəməz hiss olunur. Lakin xarici amillərdən hələ də çox asılıyıq. Bu asılılıq şübhəsiz ki, tədricən aradan qaldırılmalıdır. Bunun əsas yolu yerli istehsalın lazımi həcmdə və səviyyədə formalaşmasından ibarətdir. Bu məqsədlə Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmalıdır. Eyni zamanda, real sektorun inkişafına doğru kreditləşmə artmalıdır”.
Mütəxəssis vurğulayıb ki, dünya bazarlarında qiymətlərin sabitləşməsi bizi arxayınlaşdırmamalıdır: “Düzdür, bu gün dünyada inflyasiya sürəti zəifləyir. Amma hazırda dünya iqtisadiyyatı çox çətin vəziyyətdədir. Böhran hələ özünün pik nöqtəsinə çatmayıb. Gələcəkdə qiymətlərin yenə kəskin bahalaşmasını gözləmək olar. Belə olan halda biz inflyasiyanı məcbur olub yenə də idxal edəcəyik. Ona görə maksimum dərəcədə çalışmalıyıq ki, yerli istehsalın həcmi artsın”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, inflyasiyanın aşağı olması vətəndaşlara xeyirdir: “Qiymətlər daha aşağı sürətlə artır. İnflyasiya aşağı düşəndə qiymətin artım sürəti aşağı düşəcək. Hökumət inflyasiyanın az olacağını proqnozlaşdırır. Bu il iyulun 1-dən dizel yanacağının qiyməti artdı, ictimai nəqliyyatda xidmətlərin qiyməti artdı. Hətta bu addımlar olmasaydı, güman edirəm ki, inflyasiya daha aşağı olardı. Bununla belə, 2.7 yazılsa da, hesab edirəm ki, 3.5 faizli inflyasiya olacaq".