Keniya prezidenti Uilyam Ruto ilə Nayrobidə təşkil edilən ortaq mətbuat konfransında danışan İngiltərə kralı III Çarlz Keniyanın müstəmləkə keçmişindən söz açıb.
Hafta.az-ın yazdığına görə, kral III Çarlz keçmişin səhvlərini, xüsusən də Keniyanın müstəqillik mübarizəsi apardığı zaman ingilis ordusu tərəfindən törədilən vəhşilikləri etiraf edib. Müstəqillik uğrunda mübarizə aparan keniyalılara qarşı edilənləri "iyrənc, ədalətsiz zorakılıq hərəkətləri" kimi xarakterizə edən kral Çarlz, "Bunun üçün heç bir bəhanə yoxdur" deyib.
Digər tərəfdən, kral III Çarlz keçmiş səhvlərdən birbaşa təsirlənənlərlə görüşmək imkanının olduğunu da deyib. "Keçmiş səhvlər ən böyük kədərlərin və ən dərin təəssüflərin səbəbidir”, - o əlavə edib.
Keniya prezidenti Ruto kral III Çarlzın bəyanatlarını alqışladığını bildirib.
İngiltərə kralı III Çarlz və xanımı kraliça Kamillanın Keniyaya 4 günlük rəsmi səfərinin məqsədi iki ölkə arasında əlaqələri yaxşılaşdırmaqdır.
Keniya İnsan Haqları Komissiyası kral III Çarlzı Britaniyanın müstəmləkə dövründə Keniya vətəndaşlarına qarşı qeyri-insani davranışlarına görə üzr istəməyə çağırıb.
1800-cü illərin sonlarına doğru Keniyanın ingilislər tərəfindən işğalı ölkə xalqının taleyini dəyişib.
1950-ci ildə İngiltərə müstəmləkə idarəsinin tətbiqlərinə qarşı çıxaraq üsyana başlayan "Mau Mau" hərəkatı Keniyanın müstəqilliyinə böyük töhfə verib.
Britaniya rəsmi rəqəmlərinə görə, 1952-1956-cı illər arasında Keniyada "Mau Mau" müqaviməti zamanı 11505 müqavimət döyüşçüsü öldürülüb, hərəkatı dəstəkləyən əksəriyyəti mülki vətəndaşlardan ibarət 5 mindən çox insan həbs edilib.