“İnsan haqları universal anlayışdır, onların müzakirəsinə hazır olmaq lazımdır və Azərbaycan bu müzakirələrdən yayınmır. Amma insan haqları bir ölkənin özünü dünya jandarmı kimi aparması üçün bəhanə ola bilməz”.
Bunu hafta.az-a siyasi ekspert Cəmaləddin Quliyev ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə insan haqlarına dair hesabatı ilə bağlı bildirib.
C.Quliyev hesab edir ki, həqiqətən hansısa problemlər olanda bunu BMT-nin , eləcə də Azərbaycanın tərəfdaş və ya üzv olduğu digər beynəlxalq və regional qurumların çərçivəsində müzakirə etmək olar.
“Təəssüf ki, illər uzunu 1 milyona yaxın vətəndaşımızın öz ölkəsindəki yurd-yuvasından, 300 minə yaxın soydaşımızın isə Ermənsitan ərazisindən qovularaq ən elementar hüquqlarının pozulmasını bu təşkilatların gündəliyinə daşımaq üçün edilmiş təşəbbüslər məhz aparıcı dövlətlər tərəfindən blok edilib. Bu günlər Qəzzada yaşanan insanlıq faciəsinin durudulması üçün bir çox beynəlxalq təşkilatların, o cümlədən BMT-nin təşəbbüslərinin ABŞ tərəfindən necə bloklanmasının da şahidiyik”.
C.Quliyev hazırda dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-da insan haqları mövzudunda belə ədalətsiz, ikili standartlardan çıxış edən yanaşmanın olmasına təəssüflə yanaşıb. Onun sözlərinə görə, bəzən də insan haqları mövzusu kimi həssas mövzu bu ölkədəki lobbi qruplarının əlində təzyiq alətinə çevrilir.
“I Qarabağ savaşı zamanı Azərbaycan əleyhinə 907-cü düzəlişin qəbulu, elə bu günlər II Qarabağ savaşındakı qailbiyyətimizi təmin etmiş şəxslərə qarşı sanksiya siyahısı tərtib etmək təşəbbüsü ABŞ-da insan haqlarına qarşı biganə, ədalətsiz yanaşmaları ortaya qoyur”.