Son illər dünyada baş verən geosiyasi hadisələrdən dolayı qlobal iqtisadi proqnoz vermək də çətinləşib. Elə bu səbəbdəndir ki, aparıcı beynəlxalq maliyyə qurumları dünya ölkələrinin iqtisadi artım üzrə proqnozunu bir neçə dəfə yeniləmək məcburiyyətində qalıblar.
Yeri gəlmişkən, Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir. İqtisadiyyat Nazirliyi makroiqtisadi proqnozlarda 2024- 2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində götürüb. Neftin bir barelinin qiyməti isə 60 ABŞ dollarından proqnoz edilib. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
Bəs, görəsən, gələn ilin iqtisadi göstəriciləri üzrə nəzərdə tutulan proqnozun özünü doğrultma ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı iqtisadçı-elspert Xalid Kərimli bildirib ki, ümumiyyətlə, 2024-cü il üçün qlobal iqtisadi proqnozlar 2023-cü ildən bir qədər aşağıdır:
– Əgər 2022-ci ildə qlobal iqtisadi artım 3,5 faiz olubsa, 2023-cü ildə bu göstəricinin 3 faiz olacağı gözlənilirdi. 2024-cü ildə isə, iqtisadi artımın bir qədər də aşağı düşəcəyi, 2,9 faiz olacağı proqnozlaşdırılır. Xatırladım ki, pandemiyaya qədərki, yəni 2000-2019-cu illərdə dünya iqtisadi artımı ortalama 3,8 faiz olub. 2024 -cü ildə inkişaf etmiş ölkələrdə iqtisadi artımın 1,4 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4 faiz olacağı gözlənilir. Növbəti ildə infilyasiyanın bir qədər aşağı düşməsi ehtimal olunur. Bu il qlobal infiliyasiya göstəricisi 6,9 faiz idisə, gələn il üçün 5,8 faiz olması proqnozlaşdırılır. Dünya banklarının sözügedən istiqamətdə həyata keçirdiyi tədbirlər və daha aşağı əmtəə qiymətləri infiliyasiya səviyyəsinin enməsinə şərait yaradacaqdır. Qlobal iqtisadi göstəricilərin aşağı düşməsinə əsas səbəb dünyanın bir çox yerində davam etməkdə olan müharibələrlə əlaqədardır. Avropanın iqtisadi artımı çox zəifləyib, ümumi iqtisadi inkişafın geriləməsinin səbəbi də budur. Hazırkı Ukrayna-Rusiya müharibəsində iqtisadi baxımdan Avropa daha çox zərər çəkir. Digər bir səbəb Çində daşınmaz əmlak bazarında olan problemlərdir. Bunun gələn il daha çox şiddətlənəcəyi güman edilir. Bu da qlobal iqtisadi göstəricilərə mənfi təsir göstərəcəkdir.
Onun sözlərinə görə, bu il Azərbaycanda da iqtisadi artım gözləntilərin altında olub:
– 2023-cü il üçün 1,9-2 faizlik artım gözlənilirdi, amma proqnoz özünü doğrultmadı. Bunun da əsas səbəbi qeyri-neft sektorunda olan artımın proqnozlaşdırılandan aşağı olmasıdır. Qeyri-neft sektorunun 4 faiz artacığı gözlənilirdi, amma 3,2 faiz artdı. Neft sektorunda isə azalma müşahidə olunur. Bunun da əsas səbəbi neft hasilatının aşağı düşməsidir. Azərbaycan üçün növbəti il 2,4 faizlik iqtisadi artım praqnozlaşdırılır. Neft sektorunda 1,7 faizlik azalma, qeyri-neft sektorunda 4,6 faizlik yüksəlmə gözlənilir. Ölkədə iqtisadi baxımdan 2023-cü ilə nəzərən daha yaxşı il olması gözlənilir. İnflyasiya hazırda 9,4 faizdir. Hansısa dəyişiklik olmasa gələn il üçün bu göstəricinin 5,3-5,5 faiz aralığında olması ehtimal olunur. Vətəndaşlar infiliyasiyanın aşağı düşməsini qiymətlərin aşağı düşməsi kimi qiymətləndirirlər, amma bu doğru yanaşma deyil. İnfiliyasiya qiymət səviyyəsinin artmasıdır. Yəni infiliyasiyanın sürətinin azalmasından söhbət gedir.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli isə bildirib ki, 2024-cü ildə, təxminən, 2023-cü ilin iqtisadi göstəriciləri təkrarlanacaq:
– Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri aparılır, bununla da perspektiv iqtisadi inkişaf imkanları açılır. Bizim iqtisadiyyata yanaşmamız dəyişmədiyi müddətdə hər hansı ciddi fərqlər gözləmək yanlış olar. Bu il dövlət müəssisələrinin imkanları bir qədər də genişləndirilib. Hesab edirəm, bu tendensiya gələn il də davam edəcək. Məsələ burasındadır ki, bazar iqtisadiyyatı modeli əsasında fəaliyyət göstərən ölkələrdə həmişə özəl sektorun inkişafına daha çox diqqət ayrılır. Ölkədə özəl sektorun inkişafı üçün çox az iş görülür, bu da ölkədə iqtisadi inkişafı cilovlayan əlamətlərdən biridir. Dövlət özəl sektora nəzarət etməlidir ki, hər kəs qaydalara uyğun olaraq fəaliyyət göstərsin, ölkə daxilində istehsal genişlənsin və bizim xaricdən asılılığımız azalsın.
Gələn il əmək haqlarında gözlənilən artımlara gəlincə, ekspert deyib ki, bu istiqamətdə büdcə xərclərini nəzərə alsaq, gələn il maaşlarda təxminən 10-12 faiz artım gözlənilir:
– O qədər də pensiya və müavinətlərdə artım gözlənilir. Məsələ burasındadır ki, dövlət büdcəsinin digər geniş imkanları da var. Məsələn, dövlət büdcəsində Prezidentin ehtiyat fondu var və bu ehtiyat fondları hesabına da müəyyən artımların reallaşdırılması mümkündür.
2024-cü ildə neft qiymətinin necə dəyişəcəyinə toxunan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, gələn il üçün neftin orta qiyməti 80 dollardan aşağı olmayacaq: – Təbii ki, strateji məhsul olduğundan neftin qiyməti daha çox hərbi-siyasi amillərə reaksiya verir. 2024-cü ilin cari ilə nisbətən stabillik baxımından daha yaxşı olacağını düşünmürəm. Martda Rusiyada seçkilərdir. Mayda Avropa Parlamentinə seçkilər olacaq. Ardınca Avropa Komissiyasının rəhbəri dəyişəcək, yeni hökumət formalaşacaq. Sentyabrda NATO baş katibinin seçkisidir. Ardınca ABŞ-da Prezident seçkiləri olacaq. İsrail-HƏMAS müharibəsinin başa çatacağı, çatandan sonra fəsadlarının necə olacağı da bəlli deyil. Bu amillər neftin qiymətinə bu və ya digər şəkildə təsir edəcək. Ona görə hesab edirəm ki, neftin qiymətində ziqzaqvari enmə və artımlar gələn il üçün də özünü göstərəcək. Cari il üçün neftin orta qiyməti 83-84 dollar olacağı gözlənilir. Gələn il üçünsə neftin orta qiymətinin 80 dollardan aşağı olacağını düşünmürəm.