Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İran və İsrailə ixrac olunan məhsulların dəyəri azalıb, idxal isə əksinə artıb. Birləmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə həm ixrac, həm də idxalda artım müşahidə olunub.
Hafta.az xəbər verir ki, APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı araşdırmaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın İrana ixracı 2 milyon 374 min ABŞ dolları təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,15% azalıb. İdxal olunan məhsullarının dəyəri isə 13,1% artaraq 115 milyon 272 min ABŞ dollarına çatıb.
Cari ilin ilk iki ayında Azərbaycandan İsrailə 3 milyon 308 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 67,3% azalma deməkdir. Əvəzində, İsraildən Azərbaycana idxal 2,6 dəfə artaraq 7 milyon 635 min ABŞ dollarına yüksəlib.
Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətdə artan dinamika müşahidə edilib. Belə ki, hesabat dövründə Azərbaycandan BƏƏ-yə 12 milyon 408 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 22,9% çoxdur. BƏƏ-dən idxal isə 2,1 dəfə artaraq 16 milyon 993 min ABŞ dollarına çatıb.