İran İnqilab Keşikçiləri Korpusu (DMO) sünni əhalinin yaşadığı Əfqanıstanla sərhəddə yerləşən Zahidan şəhərində hərbi aviabaza açıb.
Hafta.az-ın yazdığına görə, Zahidandakı hərbi hava bazasının açılış mərasimində DMO komandiri Hüseyn Səlami də iştirak edib.
İnqilab Keşikçiləri Korpusu Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib ki, yeni açılan aviabaza böyük təhlükəsizlik və müdafiə missiyalarının yerinə yetirilməsinə xidmət göstərəcək və axtarış-xilasetmə işləri üçün faydalı olacaq.
Hərbi hava bazasında müxtəlif döyüş və hücum helikopterləri, yük təyyarələri və pilotsuz uçuş aparatlarının yerləşdiriləcəyi bildirilir.
Məlumdur ki, Sistan Bəlucistanda İran rejiminə qarşı sünni bəluc qruplaşması “Ceyş əl-Adl” fəaliyyət göstərir. Sözügedən qrup vaxtaşırı İran təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edir.
İranda 2003-cü ildən bəri "sünni xalqın hüquqlarını qoruyur" ifadəsi ilə bir çox hücumlar həyata keçirən "Cundullah" (Allahın Əsgərləri) adlı qrupun lideri Əbdülməlik Riqi 2010-cu ildə tutularaq edam edilib. Bundan sonra “Cundullah” təşkilatı 2012-ci ildə adını “Ceyşul Adl” olaraq dəyişib.