“İran hələ də qiyamçıları silahla təmin edir” - Yəmənin XİN başçısı

09:15 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək təsdiq edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanı və Omanın köməyi ilə hazırkı sülhün birinci mərhələsində hava və dəniz limanlarının açılmasına, Taiz şəhərində mühasirənin aradan qaldırılmasına və hökumət işçilərinə 2014-cü il siyahılarına əsasən maaşların ödənilməsinə diqqət yetirir.

Hafta.az-ın yazdığına görə, “Əşar əl-Avsat”a danışan Mübarək Yəməndə müharibəni bitirmək və sülhü bərpa etmək üçün Səudiyyə Ərəbistanı ilə mövcud olan yüksək səviyyəli koordinasiyadan bəhs edib.

Husilərin sülh prosesinə kölgə saldığını deyən Mübarək, husi milislərinin hazırkı mərhələdən müsbət atmosferi pozmaq, tələblərinin tavanını yüksəltmək və böhranı uzatmaq üçün istifadə etdiyini vurğulayıb. O həmçinin Yəmən hökuməti ilə husi qruplaşması arasında birbaşa əlaqənin olmadığı barədə məlumat paylaşıb.

XİN başçısı Səudiyyə Ərəbistanı - İran yaxınlaşmasının Tehranın Yəməndəki mövqeyinə təsir edib-etməməsinə dair sualı cavablayarkən deyib: “Heç bir dəyişiklik olmayıb. İran qazı Hudeyda limanından qaçaqmalçılıq yolu ilə milislərə ötürülür. Bundan başqa, silah və pilotsuz uçuş aparatı (PUA) qaçaqmalçılığı da davam edir. İran hökuməti Yəmən hökuməti və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Yəmənin Tehrandakı səfirliyinin husi milislərinin nümayəndələrinin iştirakı ilə boşaldılması tələbini indiyədək rədd edib”.

Mübarək vurğulayıb ki, istənilən gələcək həll husi milislərinin öz siyasi gündəmlərini tətbiqləmək və bütün Yəmən xalqı üçün bərabər hüquqlar təmin etmək vasitəsi kimi müharibə və zorakılıq variantından əl çəkəcəkləri vəziyyətə gətirib çıxarmalıdır.