Pedaqoji Kollecin tələbələri ABŞ-də təcrübə keçəcəklər

19:07 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələri beynəlxalq inklüziv təhsil və sosial iş sahəsində mühüm uğura imza atıblar.

ADPU-dan hafta.az-a bildirilib ki, cari tədris ili ərzində kollecin 10 tələbəsi “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyi həyata keçirilən “Yurdum” layihəsinin xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün fəaliyyət göstərən mərkəzində könüllü olaraq təcrübə keçiblər. Təcrübə müddətində tələbələr xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləmək, onların sosial adaptasiyası və gündəlik fəaliyyətlərinə dəstək göstərmək istiqamətində praktiki bilik və bacarıqlar əldə ediblər.

Könüllülük fəaliyyətində fərqlənən tələbələr arasından bu il məzun olacaq Firuza Bayramova və Aida Hüseynova növbəti mühüm mərhələyə yüksələrək beynəlxalq təcrübə proqramına seçiliblər. Onlar “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin dəstəyi ilə keçirilən seçim mərhələsini və müsahibələri uğurla başa vuraraq ABŞ-də fəaliyyət göstərən “Camphill Village USA” təşkilatının beynəlxalq təcrübə proqramına qəbul olunublar.

Üç ay davam edəcək proqram çərçivəsində tələbələr ABŞ-nin Nyu-York ştatında yerləşən “Camphill Village USA” icmasında intellektual və inkişaf fərqlilikləri olan şəxslərlə birgə yaşayacaq və fəaliyyət göstərəcəklər. Təcrübə müddətində onlar Daun sindromu, autizm spektr pozuntusu, serebral iflic və əqli inkişaf məhdudiyyətləri olan şəxslərin sosial və əmək bacarıqlarının inkişafına dəstək verəcək, eyni zamanda, inklüziv icma, sosial iş və sosial pedaqogika sahələrində beynəlxalq təcrübə qazanacaqlar.

Tələbələrin ABŞ-yə səfəri cari ilin iyun ayında baş tutacaq. Onlar artıq ABŞ vizalarını əldə ediblər və beynəlxalq proqramda iştirak üçün hazırlıq mərhələsini uğurla tamamlayıblar.