İranın ən böyük qeyri-müsəlman azlığı olan Bəhai dininin nümayəndələrinin bəyanatına görə, İran hakimiyyəti onlara qarşı yeni həbs kampaniyasına başlayıb.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə. fəallar İran tərəfindən rəsmən tanınmayan bəhailərin 1979-cu il inqilabından sonra repressiyalarla üzləşdiyini və bunun son bir ildə daha da gücləndiyini deyirlər.
Birləşmiş Millətlər Təşkilatında bəhailəri təmsil edən Beynəlxalq Bəhai İcmasının verdiyi bəyanatda ötən həftə Həmədandakı təhlükəsizlik qüvvələri Kərəc bölgəsində evlərə edilən basqınlarda ən azı 19 bəhainin həbs edildiyi bildirilir.
Açıqlamaya görə, ötən ay İsfahanın mərkəzində 10 bəhai qadının həbsi ilə ötən aydan bəri ölkə daxilində həbs edilən bəhailərin ümumi sayı 32-yə çatıb.
Açıqlamaya görə, Həmədanda basqın edilən evlər arasında 70-90 yaş arası 5 qadının evləri də var ki, onlardan biri də Alzheymer xəstəsidir.
Hədəf seçilən qadınlardan ikisi inqilab başlayandan sonra ərləri edam edilən dul qadınlar idi.
Beynəlxalq Bəhai İcmasının bəyanatında deyilir: "Son evlərə basqınlar və həbslər İran hökumətinin ölkədə təqib edilən Bəhai icmasına qarşı repressiyalarını gücləndirdiyinə dair artan qorxuları təsdiqləyir".
ABŞ-ın Bəhai icması elan edib ki, İsfahanda həbs olunan və zaminə buraxılan iki qadın istisna olmaqla, məhbuslar hələ də həbsdədir. “Qalanlarının hələ də həbsdə olduğu, ailələrinin onlara baş çəkməsinə icazə verilmədiyi, bir çoxunun saxlandıqları müddətdə müalicə üçün xəstəxanaya yerləşdirildiyi” vurğulanıb.
Həbslər beynəlxalq narahatlığa səbəb olub. ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə qeyri-rezident səfiri Rəşad Hüseyn X hesabında yazıb ki, “İranda bəhailərə qarşı təqiblərə son qoyulmalıdır. Hakimiyyətin bəhai qadınları hədəfə alması çox narahatedicidir”.
Kanada İnsan Haqları Bürosu İranda bəhailərə qarşı “həbslər və zorakı rəftar” xəbərlərindən, Lüksemburqun xarici işlər naziri Jan Asselborn isə həbslərdən “dərin narahatlığını” ifadə edib.
2022-ci ilin iyulunda həbs edilən məşhur şairlər Mehvəş Sabit və Fəribə Kəmalabadi hələ də həbsdədir və 10 illik həbs cəzasını dəmir barmaqlıqlar arxasında çəkirlər.
Bəhaizm nisbətən yeni bir dindir, kökləri İranda 19-cu əsrin əvvəllərinə gedib çıxır. 12 imam şiəliyi altında qurulan Şeyxiyyə təriqəti 1810-cu ildə Şeyx Əhməd Əhsai tərəfindən qurulub. 1843-cü ildə təriqətin Əhsaidən sonra ikinci şeyxinin şagirdi Seyid Kazım Rəştinin vəfatından sonra təriqətin başçısı olan Mirzə Əli Məhəmməd Bab adını götürərək 1844-cü ildə özünün Mehdi və Peyğəmbər olduğunu bəyanlayıb. Babın öldürülməsindən sonra, 1852-ci ildə Mirzə Hüseyn Əli ən-Nuri Bəhaullah adını götürüb, Allahın onda təcəssüm etdiyini və onun peyğəmbər olduğunu iddia edərək Babın yerinə keçib. İran tərəfindən Osmanlı torpaqlarına sürgün edilən Bəhaullah Hayfa şəhərini yeni dinin mərkəzinə çevirib.
İrandakı bəhailər gündəlik həyatlarında ayrı-seçkilikdən şikayətlənirlər ki, bu da onların işlərinə getmələrini, hətta ölülərini dəfn etmələrini çətinləşdirir.
Onlar həmçinin İranda ali təhsil almaq imkanlarının sistematik şəkildə rədd edilməsindən əziyyət çəkirlər.
İranda inanclarına görə böyük təzyiqlərlə üzləşə bəhailər Tehran rəhbərliyinin təzyiqləri ilə ölkəni tərk etmək məcburiyyətində qalırlar. Dünyada Bəhai inanclı insanların sayının 7,8milyon nəfər olduğu təxmin edilir.
Müasir din adlandırılan bəhaizmin inzibati mərkəzi İsrailin Hayfa şəhərindəki Milli Ədalət Evi hesab olunur. Bütün bəşəriyyətin tək bir ailə olduğuna inanan bəhailər gündə iki dəfə, səhər və axşam namaz qılırlar. Onlar martın 2-dən 21-dək oruc tuturlar. Bəhailər cənnət və cəhənnəmin olmadığına inansalar da, ruhun kamilliyə doğru əbədi səyahəti hədəflənir.
Bəhailər bəzi Afrika ölkələrində, ABŞ-da (10 min bəhai var), Avropada, Pakistanda, İraqda, Suriyada, Livanda, İsraildə və Uqandada nəzərəçarpacaq irəliləyişlər əldə ediblər.
1986-cı ildə Hayfadakı Bəhai Beynəlxalq Mərkəzinin dərc etdiyi statistikada dünyada bəhailərin sayı 4 milyon 739 min olaraq göstərilib.