İranda qanunsuz saxlanılan 69 əfqan tələbə aclıq aksiyasına başlayıb

10:20 29.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran rejimi ölkənin cənub-şərqində sünni əhalinin sıx məskunlaşdığı Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində əfqan tələbələri saxlayıb.

Hafta.az-ın yazdığına görə, yerli mənbələr bildirib ki, İran qüvvələri Zahidandakı Darul Ulum Məkki mədrəsəsində təhsil alan 69 əfqan tələbəni “icazəsiz mühacir” olduqlarını iddia edərək saxlayıb. Tələbələrin tutulduğu mədrəsəyə isə sünni din alimi Mövləvi Əbdülhəmid İsmayılzehi rəhbərlik edir.

Bildirilib ki, fevralın 13-də saxlanılan əfqan tələbələr məhbəsdə olduqları təxminən ayyarım ərzində pis rəftar və yemək verilməməsi səbəbindən mövcud şəraitə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Digər tərəfdən, İran hakimiyyətinin əfqan tələbələri “Zahidanda cümə namazından sonra keçirilən rejim əleyhinə etirazlara qatıldıqlarını” deməyə məcbur etdiyi bildirilir.

Bəlucistanda İran rejiminə qarşı etirazların aylardır davam etdiyi məlumdur. İran zorakılığa əl atsa da, etirazların qrşısını ala bilməyib.