İranın aparıcı deputatlarından Məhəmməd İsmayıl Kevsəri bildirib ki, Qəzzada atəşkəs əldə olunsa belə, ölkəsi İsrailə cavab verəcək. Bu bəyanat Həmas Hərəkatının lideri İsmayıl Haniyənin Tehranın şimalında İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) himayəsi altında veteranlara xidmət edən iqamətgahda öldürülməsindən 18 gün sonra verilib.
Hafta.az-ın yazdığına örə, ölkənin yüksək səviyyəli rəsmiləri, xüsusən də ali dini lider Əli Xamenei İsraili qisas alacaqları ilə hədələyib, İsrail isə Haniyənin qətlinə görə məsuliyyət daşıyıb-daşımadığına dair heç bir açıqlama verməyib.
Qəzza zolağında müharibə başlayandan bəri Qərb dövlətləri aprelin ortalarında İran ərazisindən İsrailə edilən hücum kimi ikinci birbaşa hücumun qarşısını almaq məqsədilə İrana misli görünməmiş təzyiqlər edir. Siyasi təzyiq nəticəsində ABŞ İranın qarşısını almaq üçün Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirib.
Bir neçə gün əvvəl Həmas-la İsrail arasında atəşkəs danışıqlarının bərpası ilə İranın İsrailə cavab vermə ehtimalı azalıb. İranın ali lideri Xamenei ötən həftə ölkəsinin “geri addım atmayacağını” söyləyib. Xamenei Qərb ölkələrinin, o cümlədən ABŞ-ın bölgədə hərbi varlığını artırmasına dair etdiyi xəbərdarlıqları “psixoloji müharibə” kimi qiymətləndirib.
Xamenei bir qrup məmur qarşısında çıxışında “Düşmən cəbhədə psixoloji müharibənin hədəfi olaraq qorxu və geri çəkilməyə təhrik edir. İstər hərbi, istər siyasi, istər təbliğat, istərsə də iqtisadi baxımdan hər hansı qeyri-taktiki geriçəkilmə Allahın qəzəbinə səbəb olacaq” deyib.
Xameneinin “qeyri-taktiki geriçəkilmə” sözlərindən istifadə etməsi siyasi müşahidəçilər arasında onun, xüsusən Qəzza zolağında atəşkəs üçün aparılan danışıqlar çərçivəsində “taktiki geri çəkilməyə” açıq ola biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub.
İran Şura Məclisinin Milli Təhlükəsizlik Komitəsinin Hərbi İşlər üzrə sədri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri Məhəmməd İsmayıl Kevsəri “Didban İran” xəbər saytına açıqlamasında deyib: “İnsanlar Dini Rəhbərin dediklərinə fərqli qiymət verə bilərlər. Lakin sionist rejim torpaqlarımıza təcavüz etdiyi üçün ona necə cavab verəcəyimizə qərar vermək bizim qanuni haqqımızdır. Qəzzada atəşkəs elan olunsa belə, heç kim haqqımızdan əl çəkəcəyimizi düşünməsin”.
Kevsəri sözlərini belə davam etdirib: “İsmail Haniyənin intiqamının Dini Liderin göstərişlərinə uyğun olaraq alınacağı qaçılmazdır. Lakin biz heç vaxt çox böyük əməliyyatlar aparmağa tələsməməliyik, əksinə, bütün hərəkətlərimiz vaxtında, dəqiq təhlil və müdrik ehtiyat tədbirləri əsasında həyata keçirilməlidir”.
İntiqam üçün doğru zaman və məkanı seçməli olduqlarını bildirən Kevsəri, “Cinayətkar rejim faktiki olaraq torpaqlarımıza hücum etdiyi üçün İranın özünümüdafiə haqqı var və bu hüquqdan istifadə etməyi ümid edirik. Aksiyanın keçiriləcəyi yeri və vaxtı biz seçəcəyik. Sionist rejimin İrandan sərt cavab gözləməkdən başqa çarəsi yoxdur. Seçdiyimiz vaxt cavab verəcəyik" deyib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xarici işlər nazirinin müavini Əli Baqeri Kani Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə telefon danışığında "İranın İsrailə cavab vermək üçün qanuni haqqı olduğunu" vurğulayıb.
İranın yarı-rəsmi xəbər agentliyi İRNA bildirib ki, nazir müavini Baqeri telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda son hadisələri müzakirə edib.
Ötən çərşənbə axşamı “Reuters”ə danışan üç yüksək rütbəli İran rəsmisi deyib ki, İranın İsrailə qarşı birbaşa cavabını gecikdirməyin yeganə yolu Dohada danışıqlarda razılığa gəlməkdir. Onlardan biri bəyan edib ki, İran və bölgədəki müvəkkilləri, məsələn, Livandakı Hizbullah Hərəkatı Qəzzada atəşkəs üçün aparılan danışıqların nəticəsiz qalması və ya İsrailin danışıqlarda dayandığını hiss etsələr, birbaşa hücuma keçəcəklər.
İranın BMT-dəki Daimi Nümayəndəliyinin ötən həftə verdiyi açıqlamada Qəzzada atəşkəsin əldə edilməsi ilə İranın özünümüdafiə haqqının bir-biri ilə heç bir əlaqəsi olmadığı vurğulanıb.