“İsraili dəstəklədiyi üçün ABŞ-dan utanıram” – Ann Rayt

10:05 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

On iki ölkədən bir çox qeyri-hökumət təşkilatının təşəbbüsü ilə yaradılan və yaxın günlərdə Aralıq dənizinə gedəcəyi gözlənilən Beynəlxalq Azadlıq Donanması üçün İstanbula gələn keçmiş ABŞ hərbçisi və diplomatı Ann Rayt 2003-cü ildə İraq müharibəsinə qarşı çıxdığı üçün vəzifəsindən istefa verdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Rayt AA-ya açıqlamasında, Beynəlxalq Azadlıq Donanmasının missiyasının "İsrailin Qəzzaya qarşı qeyri-qanuni dəniz blokadasını qırmaq, İsraillə ABŞ-ın Qəzza xalqına qarşı törətdiyi soyqırım səbəbiylə aclıq çəkən Qəzza xalqına ərzaq çatdırmaq" olduğunu bildirib.

"İsraillilərin etdiyi soyqırımdır. Bu, etnik təmizləmədir", Rayt deyib: "33 mindən çox insanı öldürüb, 75 mindən çox adam yaralayan, minlərlə insanı dağıntılar altında qoyan İsraili dəstəklədiyinə görə ABŞ-dan utanıram. ABŞ İsrailə silah, milyardlarla dollar verir və İsraili fələstinliləri öldürməyi dayandırmaq üçün öz təsir rıçaqlarından istifadə etmir", - deyə o əlavə edib.

Fevralın 25-də İsrailin Qəzza zolağında dinc əhalini mütəmadi bombardman etməsinə və ölkəsinin hücumu dəstəkləməsinə etiraz üçün paytaxt Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Aaron Buşnelli xatırladan Rayt, ölkəsinin İspaniyadakı bazasından Vaşinqtona qayıdan, "İspaniyada qalıb Qəzzaya silah göndərən ABŞ Hərbi Hava Qüvvələrinin bir hissəsi ola bilmərəm" deyən daha bir ABŞ əsgərinin olduğunu bildirib.

Eyni əsgərin ABŞ Konqresinə də getdiyini bildirən Rayt Qəzzada 7 gündür yeməyi olmayan insanlar üçün aclıq aksiyası keçirdiyini bildirib.

Rayt qeyd edib ki, İsraili dəstəkləmək ABŞ diplomatik tarixinin faciəvi hissəsidir.

“Hər bir administrasiya, demokrat və ya respublikaçı, hansı cinayəti törətməsindən asılı olmayaraq, İsraili müdafiə etməyin vacib olduğunu düşünür” fikrini bölüşən Rayt deyib: “Dünyanın qalan hissəsi “Amerika nə edir?” sualını verir. "Niyə bunu edirlər?" Məncə, bu, ABŞ-ın Almaniya və Avstriyada qırğına məruz qalan insanları xilas etmək üçün kifayət qədər cəld addım atmadığı İkinci Dünya Müharibəsindən qalma psixaloji bir şeydir. Müharibədən sonra da, ABŞ Holokostdan sağ çıxanları qəbul etmədi, məncə burada bir günah psixologiyası var. 75 illik bu günahkarlıq hissi indi İsrailin Qəzza xalqına qarşı soyqırımını müdafiə etmək üçün istifadə olunur".

İsrailin İordan çayının qərb sahili və Qəzzanı işğalı davam etdiyi müddətcə bölgədəki qarşıdurmaların davam edəcəyini bildirən Rayt məzlum insanların qiyamının son dərəcə təbii olduğunu və İsrailin hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Rayt əlavə edib ki, İsrailə qarşı boykot çox təsirli qeyri-zorakı hərəkətlərdir.

Siyasət rubrikasından digər xəbərlər