“İsraillə Fələstinin dinc yanaşı yaşaması təmin edilməlidir” – Vanq Yi

10:15 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Heç kim günahsız mülki insanlara zərər verməklə onların təhlükəsizliyini təmin edə bilməz".

Hafta.az-ın “Politico”ya istinadən yazdığına görə, Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın dövlət katibi Antoni Blinkenlə telefonla söhbəti zamanı deyib.

İsrail-Fələstin münaqişəsində artan gərginliyin nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkən Vanq, hərbi variantın çıxış yolu olmadığını və zorakılığa şiddətlə cavab vermənin yalnız "bədxassəli bir dövrə" yaradacağını vurğulayıb.

Vanq tərəflər arasında atəşkəsin yaradılması və gərginliyi azaltmaqla humanitar fəlakətin qarşısının alınmasının ən mühüm prioritet olduğuna diqqət çəkib.

Humanitar yardım üçün kanalların açılmasının, BMT çərçivəsində kompromislərin dəstəklənməsinin və Təhlükəsizlik Şurasının üzərinə düşən vəzifəni yerinə yetirməsinin vacibliyini vurğulayan Vanq, Fələstin probleminin həllinin əsas yolunun müstəqil Fələstin dövlətinin yaradılması olduğunu bildirib. Onun fikrincə, müstəqil Fələstin dövləti qurulmalı və İsraillə Fələstinin dinc yanaşı yaşaması təmin edilməlidir.

Vanq, "İsraillə ərəb ölkələri arasında uzlaşma əldə edilmədikcə, Yaxın Şərqdə sülh olmayacaq" deyib.

Çinin XİN başçısı ölkəsinin hərtərəfli barışıq üçün beynəlxalq sülh konfransına çağırışını təkrarlayıb.

Böyük ölkələrin beynəlxalq və regional böhranlarda ədalətli və obyektiv mövqe tutmalı, sakit və təmkinlə hərəkət etməli, beynəlxalq hüquqa riayət etməli olduğuna işarə edən Vanq, "Çin sülh danışıqlarını təşviq etməyə davam edəcək. Hesab edirik bütün ölkələr bu məsələdə konstruktiv rol oynamalı və problemin siyasi həlli mümkün qədər tez tapılmalıdır" deyib.