BMT-nin baş katibi Antonio Guterres, 16 ildən artıq kansler vəzifəsində olmuş, dünyanın ən sayılıb-seçilən siyasi simalarından birinə çevrilmiş Almaniyanın keçmiş federal kansleri Angela Merkelə iş təklif edib.
Hafta.az-ın yazdığına görə, bu barədə Almaniyanın DPA İnformasiya Agentliyi məlumat ayyıb. Bildirilir ki, Baş katib Merkelə BMT-nin qlobal ictimai şuralardan birinə rəhbər vəzifəsini təklif edib. Xəbərlərdə söhbətin konkret hansı qurumdan getdiyi bildirilməsə də, onun ozon təbəqəsi, aviasiya təhlükəsizliyi və beynəlxalq ticarət kimi qlobal məsələlərlə bağlı olacağı ehtimal edilir.
DPa-nın yazdığına görə, Angela Merkel hələlik Guterresin ona ünvanladığı məktuba cavab verməyib. Buna baxmayaraq, xanım Merkelin təklifi qəbul edəcəyinə dair ehtimal da çox aşağı qiymətləndirilir.
Qeyd edək ki, bir ara Angela Merkelin guya BMT-nin Baş katibi postuna seçkilərdə namizədliyini verəcəyinə dair söhbətlər yayılmışdı. Amma o zaman Merkelin sözçüsü bu məlumatları əsassız adlandırmışdı.