Amerikada nəşr olunan “Travel and Leisure” səyahət jurnalı bu il dünyanın ən yaxşı 10 beynəlxalq hava limanı sorğusunun nəticələrini dərc edib. Siyahının başında İstanbul Hava Limanı olub.
Hafta.az-ın “Travel and Leisure” jurnalına istinadən yazdığına görə, İstanbul Hava Limanı 95,7 faiz səslə birinci olub. Sorğunun mükafatlandırma mərasimi Nyu-York şəhərində baş tutub.
Mükafatı İstanbul Hava Limanı və əməliyyat şirkəti İGA adından əməliyyatlar üzrə baş direktorun müavini Məhmət Büyükkaytan alıb.
Mərasimdə çıxış edən Büyükkaytan, "İGA İstanbul Hava Limanı olaraq, sərnişin məmnuniyyətini ön planda tutaraq xidmətlərimizi sərnişinlərin ehtiyaclarına uyğun formalaşdırırıq. Həmkarlarımızın töhfələri ilə təqdim etdiyimiz bu xidmətlərin sərnişinlərimiz tərəfindən təqdir edilməsindən çox məmnunuq" deyib.
Sorğu iştirakçıları hava limanlarına giriş, qeydiyyat, təhlükəsizlik, qida və içki sahələri, alış-veriş və dizayn baxımından səs verirlər.