Böyük Britaniyanın baş naziri Liz Truss istefaya çağırışlara baxmayaraq, hələlik vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib. Hafta.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Trussın sözlərinə görə, o, ölkənin rifahı naminə seçildiyi üçün qalacaq və bunu etmək niyyətindədir.
Truss "edilən səhvlərə" görə məsuliyyət daşıdığını və üzr istəmək istədiyini söyləyib.
“Mən həqiqətən məsuliyyəti öz üzərimə götürmək və etdiyim səhvlərə görə üzr istəmək istəyirəm. İnsanlara enerji ödənişləri, yüksək vergilər problemi ilə məşğul olmaqda kömək etmək istədim, lakin biz çox uzağa getdik və çox sürətlə getdik"deyə Truss əlavə edib.
Bundan əvvəl xəbər verilmişdi ki, İcmalar Palatasının hakim Mühafizəkarlar Partiyasından olan üç üzvü - Krispin Blant, Endryu Bricin və Ceymi Uollis açıq şəkildə Böyük Britaniyanın baş naziri Liz Trussu istefaya çağırıblar. Bu bəyanat hökumətin vergi islahatları proqramının təqdimatından sonra maliyyə bazarlarında yaranmış turbulentlik və Tori reytinqinin aşağı salınması fonunda verilib.