Hindistanın ölkəmizdəki Səfirliyi 2023-cü il “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü” münasibətilə xüsusi tədbir keçirib. Tədbirdə mötəbər qonaqlar, o cümlədən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “ITEC” məzunları, Azərbaycanın dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Hafta.az-ın yazdığına görə, Hindistanın Azərbaycandakı Səfiri Sridharan Madhusudhanan “ITEC”in beynəlxalq potensialın yaradılmasında mühüm rolunu vurğulayıb. O, “ITEC” proqramının 1964-cü ildə qurulduğu gündən bəri 160-dan çox ölkədən gəlmiş 200 mindən çox mütəxəssisi hazırladığını diqqətə çatdırıb.

Tədbirdə “ITEC” haqqında nümayiş etdirilmiş qısa videoçarxda Hindistanın Xarici İşlər Naziri Dr. S.Cayşankar Hindistanın xarici siyasətdə tərəfdaşlıq, qarşılıqlı fayda və həmrəylik prinsiplərini rəhbər tutaraq inkişafa yönəlmiş əməkdaşlığı dəstəklədiyini bildirib. O, dünyanın inkişafı və rifahının bir-birinə bağlı olduğunu deyib və “Biz hamımız birlikdə inkişaf edirik” mesajını çatdırıb.
Öz növbəsində “ITEC” məzunları Hindistanda keçdikləri təlim proqramları ilə bağlı təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onların təcrübəsi əldə edilmiş bacarıqların səmərəli istifadə olunduğunun sübutudur.

Bundan başqa tədbirdə “ITEC” proqramı haqqında təfərrüatlar, o cümlədən hər il bu proqram çərçivəsində təxminən 400 kurs üzrə 10 minə yaxın tam maliyyələşdirilən, fərdi təlim imkanları barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu kurslar kənd təsərrüfatı və kənd yerlərinin inkişafından tutmuş idarəetmə və iqlim dəyişikliyinə qədər geniş spektrli sahələri əhatə edən Hindistanın 100-dən çox tanınmış institutunda keçirilir. Maraqlıdır ki, ötən maliyyə ilində Azərbaycan təmsilçiləri üçün nəzərdə tutulmuş təlim yerlərinin hamısı tutulub.

Tədbir zamanı “ITEC”də iştirak üçün uyğunluq meyarları açıqlanıb və qeyd olunub ki, Azərbaycanın 25-45 yaş arası dövlət məmurları bu proqrama müraciət edə bilərlər. Potensial namizədlərə onlayn müraciəti doldurmağa və müvafiq nazirliklər vasitəsilə çap vərəqisini təqdim etməyə yönəlmiş müraciət prosesi izah edilib. Əlavə məlumat üçün “ITEC”in rəsmi vebsaytına (https://www.itecgoi.in) daxil olmaq və ya Hindistanın Bakıdakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Səfirlik qonaqpərvərlik və mədəni mübadilə jesti olaraq bütün iştirakçılar üçün nahar təşkil edib və onlara orijinal hind mətbəxinin ləzzətli təamlarını təqdim edib.
Tədbir “ITEC” proqramının Hindistanla Azərbaycan arasında vacib körpü rolunu oynadığı göstərib. Bu, ölkələrin qarşılıqlı fayda üçün əməkdaşlıq etdikdə nəyə nail ola biləcəyinə sübutdur.