ABŞ Türkiyənin Adana şəhərində yerləşən konsulluğunu müvəqqəti bağlayıb.
Hafta.az-ın yazdığına görə, Birləşmiş Ştatların Ankaradakı səfirliyi bu barədə sosial media hesabından məlumat paylaşıb.
Açıqlamada konsulluğun növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı qalacağı bildirilib.
Açıqlamada deyilir: “ABŞ vətəndaşları ABŞ-ın Ankaradakı səfirliyi ilə əlaqə saxlaya bilərlər. Yaxın bir neçə həftə ərzində Türkiyədə İsrail və Qəzzada baş verən hadisələrlə bağlı genişmiqyaslı nümayişlər gözlənilir. İstənilən toplantı, hətta dinc xarakter daşıyan toplantılar da gərginləşə və zorakılığa çevrilə bilər. Etiraz aksiyaları polisin iştirakı, yolların bağlanması və nəqliyyatın hərəkətinin dayandırılması ilə nəticələnə bilər. ABŞ hökumətinin Türkiyədəki əməkdaşlarına hərəkətləri minimuma endirmək və ölkənin cənub-qərbindəki Adana Konsulluq ərazisinə səyahətdən çəkinmək tapşırılıb”.
Qeyd edək ki, İsrailin Adanada hücumlarına etiraz etmək istəyən bir qrup şəxs ABŞ Konsulluğu önünə toplaşaraq konsulluğa daş və molotof atıb.
Mərkəz Yüreğir rayonundakı D-400 şosesində gecə saatlarında ABŞ Konsulluğu qarşısında toplanan izdiham, İsrailin Qəzzaya hücumlarına şüarlarla etiraz edib və qrup polisin nəzarəti altında mətbuat üçün bəyanat verdikdən sonra dağılarkən, bəzi insanlar divarlara daş və molotofla hücum edib.
Xəbərdarlığa məhəl qoymayan qrupla təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Hadisə zamanı başlarına daş dəyən iki polis əməkdaşı yaralanıb. Yoldan keçən mülki avtomobillərin atılan daşlarla zədələnməsinin ardından polis müdaxilə edib etirazçı qrup şüarlar ataraq dağılıb.