ABŞ axtarışda olan 55 nəfərin siyahısını açıqlayıb

09:45 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın keçmiş prezidenti Səddam Hüseynin qızı Rəqadın BƏƏS Partiyasının təbliğatına görə 7 il həbs cəzasına məhkum edilməsindən sonra rəsmi Bağdad ABŞ-ın keçmiş rejimin axtarışda olan 55 nəfərlik siyahısı ilə yenidən maraqlanmağa başlayıb.

Hafta.az-ın yazdığına görə, İraq Ali Cəza Məhkəməsinin sədri hakim Əli Kamal Səddam Hüseyn dövründə müxtəlif səlahiyyət və vəzifələrdə çalışmış 55 nəfərdən 33-nün axtarışda olduğunu, köhnə rejimdən olan 23 nəfər haqqında həbs qərarı çıxarıldığını, 17 nəfərin fərari olduğunu, 4 nəfərin həyatını itirdiyini bildirib. Kamal köhnə rejimlə bağlı 6178 işin dəlil çatışmazlığı səbəbindən bağlandığını deyib.

Kamal ifadəsində Səddam Hüseynin ailəsi ilə bağlı məhkəmənin baxdığı başqa işlərin də olduğunu bildirib, Səddamın ailəsinə qarşı həbs qərarı verildiyinə diqqət çəkib. Məhkəmə sədri köhnə rejimə bağlı olanların və BƏƏS-çilərin ümumi və ya xüsusi amnistiyaya daxil edilmədiyini, heç bir tərəfin məhkəmənin çıxardığı cəzalardan azad oluna və ya cəza müddətini azalda bilməyəcəyini vurğulayıb.