ABŞ, gözlənildiyi kimi, Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiya tətbiq elədi. Sanksiyanın detallarından biri də Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyi və ayrıca, nazir İsmayıl Dəmiri, ümumilikdə dörd vəzifəli şəxsi cəzalandırmağı nəzərdə tutur.
CAATSA nəyi nəzərdə tutur: 1. Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə hər cür ixracatın yasaqlanmasını, 2. Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə ABŞ-ın maliyyə qurumları tərəfindən 10 milyon dollardan artıq kreditlərin 12 ay müddətində yasaqlanması, 3. Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə ABŞ Export-İmport Bank dəstəklərinin verilməsinin yasaqlanması, 4. ABŞ-ın tdaxil olduğu beynəlxalq maliyyə quruluşlarının Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyinə maddi dəstək verməsinin əngəllənməsi, 5. S-400 alım prosesində iştirak eləmiş Türkiyə Milli Müdafiə Sənayesi nazirliyinin səlahiyyətli şəxsləri olan İsmayıl Dəmir, Faruk Yiğit, Səhat Gənçoğlu və Mustafa Alper Dənizə qarşı sanksiyaların tətbiqlənməsi.
Əlbəttə, bütün bu sanksiyaların səbəbkarı isə Rusiyadan satın alınmış S-400 havadan müdafiə kompleksidir...
Baş verənləri şərh edən müdafiə siyasəti sahəsində mütəxəssis Arda Mevlutoğlu deyir ki, ABŞ-ın məhz S-400-lər səbəbilə Türkiyəyə qarşı CAATSA sanksiyaları tətbiq etməsi, iki ölkənin münasibətlərində yeni bir dönüm nöqtəsi olacaq. Onun fikrincə, bu qərar cəmiyyətin hafizəsində dərin iz buraxmaqla yanaşı, geosiyasi müstəvidə də öz təsirini mütləq göstərəcək.

“ABŞ tərəfi Milli Müdafiə Sənayesi Nazirliyinə ixracat məhsulları üçün lisenziyanın verilməsini də yasaqlayıb. Buna görə də, Türkiyənin hətta öz ordusunun ehtiyacları üçün silah və avadanlıq tədarük etməsində çətinlik yaranacaq. Hətta Milli Müdafiə Sənayesi Nazirliyinin özünün də iştirakçısı olduğu layihələr üzrə bundan sonra ABŞ-dan sistem, alt sistem və hissələrala bilməyəcək” deyən A.Mevlutoğlunun fikrincə, bundan əlavə, Türkiyə tərəfi ABŞ-ın EXIMBANK-nın 10 milyon dollardan artıq kreditlərindən faydalana bilməyəcək. Düzdür, Türkiyə başqa mənbələrə üz tuta bilər, amma onların da mütləq əlavə vaxt və zəhmət tələb edir.
Amma iş sadəcə ABŞ-la bitirmi, təbii ki, yox. CAATSA sanksiyalarından sonra ABŞ-la yaxşı əlaqələri olan ölkələrin də Türkiyəyə bu müstəvidə mövqelərində dəyişikliklərin olması gözləniləndir. "Sırf siyasi qərardır. Hətta ayrı-ayrı ölkələr Türkiyəyə münasibətlərində dəyişiklik etməsələr belə, firmalar ABŞ-ın qəzəbinə gəlməmək üçün Ankara ilə əlaqələrində bir az məsafə gözləyə bilərlər. Çox güman ki, sanksiyalar qısa vaxtda Türkiyə müdafiə sənayesinə mənfi təsirini göstərəcək. Hətta ixracat gəlirlərinin azalması nəticəsində istehsal fəaliyyətinin axsaması da mümkündür. Amma soyuqqanlı və diqqətli davranışdan asılı olaraq orta vədəli bir müddətdən sonra müdafiə sənayesi sektorunda yenidən canlanaraq əvvəlki gücünü bərpa edəcək", - deyir müsahib.
"Türkiyə, NATO-nun tarixində ilk dəfədir ki, özünün də üzv olduğu hərbi alyansın sərhədlərinin qorumasının zəifləməsinə görə, Rusiyaya dolayısı ilə yardım göstərib”.
Bu sözləri Müdafiə məsələləri üzrə ekspert Turan Oğuz deyib. O, Türkiyənin, ABŞ-ın CAATSA sanksiyalarına uğrayan ilk NATO ölkəsi olmasına diqqət çəkərək, beynəlxalq səviyyədə iqtisadi sanksiyalar da daxil olmaqla, daha sərt müdaxilələri gözlədiyini dilə gətirib. “İlk olaraq sözügedən sanksiyalar tətbiq ediləcək, amma sonrası davam edə bilər. Çünki Bayden hökumətinin Türkiyəyə münasibəti bəllidir və bu səbəbdən də davamlı qərarlar alına bilər. Ən pisi isə odur ki, sabah bu sanksiyaların Avropa İttifaqının da Türkiyəyə sanksiya tətbiq etməsinə yol açma qorxusu var. Çünki xatırlayırsınızsa, Avropa İttifaqı lıiderləri ABŞ-ın fikrini öyrənməyi, onların daha əvvəl addım atmasını gözləməyin vacib olduğunu açıq-aşkar dilə gətirdilər. ABŞ ilk addımı atdı, çox güman ki, Avropa Birliyi liderləri də mart ayında keçirəcəkləri toplantıda eyni qərarı qəbul edəcəklər. Təbii ki, o vaxtadək hansısa fövqəladə hadisə baş verməsə" deyən T.Oğuza görə, amma yenə də, qəti fikir bildirmək üçün Bayden admnistrasiyasının detallı açıqlamalar verməsini gözləməliyik. Müsahibimiz əlavə edir ki, amma bütün hallarda Türkiyənin maraqlarına ən çox ziyan vura biləcək məsələ, məhsul və texniki vasitələrin ixracına icazənin verilməməsidir. Türkiyə ABŞ-dan aldığı bütün hazır və yarımçıq müdafiə sənayesi məhsullarına, ortaq istehsal layihələri və texniki transferlərinə lisenziya almaqdadır. Bütün bunlar, indiki duruma görə, ciddi təsir altında qalacaq.

ABŞ-ın Xarici Hərbi Satışlar Programı (FMS) üzərindən həyata keçirilən bəzi böyük və strateji alğı-satqını isə onsuz da Milli Müdafiə Sənayesi Nazirliyi deyil, Milli Müdafiə Nazirliyi həyata keçirir. Oğuzun dediklərindən: “Hər şey Bayden kabineti ilə münasibətlərdən asılıdır. Onlar sözügedən sanksiyaları nəzərə alaraq layihələri Milli Müdafiə Nazirliyi və Türk Silahlı Qüvvələri üərindən həyata keçirsələr, problemlərin çoxu həllini tapacaq. Hətta bu mümkün olmasa da, alternativlər çoxdur. ABŞ “F-35” layihəsində olduğu kimi, beynəlxalq hüququ ayaqlar altına atmasa, keçmişdə lisenziya alınan, müqaviləsi bağlanan T70 ümumi məqsəd üçün helikopterlərin ortaq istehsalı, “F-16 Blok 30” gücləndirmə detalları başda olmaqla, bu prosesə xidmət edən layihələrin sözügedən yasaq qanunun təsirinə düşməməlidir. Ancaq bu günədək icazəsi alınmayan, Pakistana satılacaq ATAK helikopterləri üçün motorların alımı, “Hürjet” layihəsi üçün ABŞ-dan motor idxalı və bu kimi layihələr yüz faiz sanksiyayaməruz qalacaq".
T.Oğuzun fikrincə, Türkiyə üçün ən zərərli gözlənti odur ki, indiyədək satdığı ehtiyyat hissələrinin başqa dövlətlər tərəfindən istehsalına icazə verilə bilər.
Müsahibimiz amma pessimist deyil. Bildirir ki, Türkiyə bu cür hadisələri gözləyib və çoxdan hazırlaşıb. Ona görə də var qüvvəsi ilə yerli istehsala fikir verib. Artıq elə detallar var ki, istehsalı an məsələsidir, elələri də var ki, əsas işlər görülüb. Ona görə də müəyyən müddətdən sonra ABŞ-ın sanksiyaları yalnız özü ilə ticarət əlaqələrini zəiflədəcək.
Amma bu gün ən strateji silah növü olan "F-16”larla bağlı problemin yaranıb-yaranmayacağı soruşulur. Yəni bu təyyarələr üçün ehtiyyat hissələrinin tədarükü məsələsi var, sabah əməliyyatlar olduğu təqdirdə hansısa ehtiyyat hissəsi çatışmazlığı üzündən problem yaşanmayacaqmı? T.Öğuz belə cavab verir: "Bunun təəsüf ki, birmənalı cavabı yoxdur. Çünki ABŞ Konqresi bu sanksiyaları qanuna o məqsədlə əlavə ediblər ki, guya Türkiyə regionda hərbi müdaxilələr həyata keçirir, müharibə edir və Vaşinqtonun maraqlarını zərbə altına qoyur. Onların fikrincə, bunun qarşısını almaq üçün ilk növbədə ehtiyyat hissələri satışını dayandırıb, Türkiyəni əməliyyat keçirməz hala salmaqdır. Amma hesab edirəm ki, bu mənasızdır. Çünki Türk Silahlı Qüvvələri keçmişdə yaşanan bənzər olayları düşünüb, lazım edəcək qədər ehtiyyat toplamış olmalıdr. Həmin ehtiyyatlar qurtarınca isə, Türkiyə yerli məhsullarını istehsal edəcək".
T.Oğuz bildirir ki, Türkiyə onsuz da həmişə, xüsusilə də 2016-cı ildə Suriyada əməliyyatlar başlayandan sonra ABŞ və Avropanın gizli və ya açıq sanksiyalarına məruz qalıb. ABŞ-ın indiki qərarı sadəcə əvvəlki sanksiyaları rəsmiləşdirməkdən başqa bir şey deyil.