“ABŞ-ın məqsədi aclıq və ümidsizlik yaratmaqla insanları üsyana qaldırmaqdır” - Oskar Xulian Vilyar Barroso

10:10 30.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda dünya mediasını qəribə bir məlumat zəbt elədi – Kuba xalqı hökumətə etiraz etmək məqsədilə küçələrə axışıb. Niyə qəribə məlumat dedim, axı onillər boyunca Kuba adasının özünü dünyanın qalmaqallarından, amansız savaşlarından təcrid edərək, səssiz-küysüz həyat yaşayır. Elə isə Azadlıq adası adlandırdığımız Kubada nələr baş verir, insanlar nə istəyir, real durum necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün Kubada sayılıb-seçilən tarixçi alim, Havana Universitetinin professoru Oskar Xulian Vilyar Barroso ilə həmsöhbət oldum. Kifayət qədər maraqlı söhbət alınıb, buyurun özünüz oxuyun:

- Həqiqətən də, iyulun 11-də Kubada müəyyən sayda insan küçələrə axışaraq aksiya keçirib. Amma təəssüf ki, orada xoşagəlməz hadisələr yaşandı. Təxribatçı qüvvələr çirkin məqsədlərini həyata keçirmək üçün iş yerlərinə, müəssisələrə, xəstəxanalara, apteklərə, nəqliyyat vasitələrinə böyük maddi ziyanlar vurub, polis məmurlarına və digər təhlükəsizlik qüvvələri əməkdaşlarına, sadə mülki insanlara xəsarətlər yetiriblər. Təbii ki, inqilabi hökuməti qorumaq və təxribatçı qüvvələrin azğınlaşmasının qarşısını almaq üçün xalq kütləsi ayağa qalxaraq əks nümayişlər keçirdi.

- Nə baş vermişdi, təxribatçıları kim idarə edirdi, başçıları kimdir?

- Əminliklə deyə bilərəm ki, həm dinc etirazçılar, həm də xüsusilə vandallar xaricdən, konkret desək, ABŞ, İspaniya və bəzi Latın Amerikası ölkələri tərəfindən təhrik ediliblər. Bu idarəolunan qruplar ölkədə sabitliyi pozmaq üçün adıçəkilən ölkələrdən pul alıblar. Kubalılar bu təcrübənin ABŞ-ın əmrlərini yerinə yetirməyən ölkələrdə, o cümlədən, postsovet məkanında həyata keçirildiyi yaxşı bilirlər. Bu hətta Azərbaycanın özündə də vaxtilə edilməsinə uğursuz cəhd göstərilmiş rəngli inqilablar sxeminin bir hissəsidir. Kuba məsələsini, 1959 -cu ilin yanvar inqilabının ilk başından etibarən ABŞ-ın bütün hökumətləri və bu ölkəni idarə edən "dərin dövlətin" diqqətdə saxlaması əbəs deyil. Onların məqsədi Kuba xalqını sıxışdırmaqdır. Hamı bilməlidir: 60 ildən artıqdır ki, Kuba terror aktlarına, təxribatlara, “Donuz körfəzi” adıyla tarixə düşmüş silahlı işğala və qəddar iqtisadi, ticarət və maliyyə blokadasına məruz qalıb və bu gün də qalır. Əslində ABŞ-ın etdikləri insanlarda aclıq, ehtiyac və ümidsizlik yaradan amansız bir müharibədir.

- Son illərdə ABŞ-ın Kubaya münasibətində bir açılımın olacağını düşünürdük. Amma deyəsən yanılmışıq…

- Donald Trumpın 2017-2021-ci illəri əhatə edən iqtidarı dövründə ölkəmizə tətbiq edilən əlavə embarqolar, ardıyla da dünyanı əsirinə çevirmiş koronavirus pandemiyasının iqtisadiyyatımıza mənfi təsiri adamıza böyük əzablar gətirib. Söhbət ABŞ-ın 243 sanksiyasından gedir. Nəticədə Kubaya turist axını sıfır səviyyəsinə düşdüyündən, turizm sənayemiz çox böyük zərbə aldı. Bu da öz növbəsində əhalinin həyat keyfiyyətinin pisləşməsinə, qida məhsullarının, dava-dərmanın çatışmazlığına və elektrik enerjisi istehsalında kəsintilərə səbəb oldu. Açıq demək lazımdır: Kubada qıtlıq yaşanır, insanlar ərzaq və adi gigiyena vasitələri almaq üçün uzun növbələrdə durmalı olurlar. Üstəlik, koronavirusun "Delta" ştammının yayılması vəziyyəti daha da ağırlaşdırıb – yoluxma və ölüm sayını artırıb.  Sadə xalq da bütün bunlardan narahatdır və əlaqədar rəsmi qurumlardan vəziyyətin birdəfəlik düzələcəyinə dair məmnunedici cavab gözləyirlər…  

- Yeri gəlmişkən, ölkənizin sosial sferasında baş verənlər barədə təzadlı xəbərlər alırıq. Bəzi məlumatlarda insanların sosial problemlərə etiraz etdikləri, digərlərində isə pandemiyanın yaratdığı qadağalara qarşı olduqları bildirilir. Başqa bir məlumatda isə bunlar deyil, bəzi xarici ölkələrin Kubanı qarışdırmaq üçün insanları yönləndirdiyi deyilir. Bir kubalı olaraq, qeyd etdiyim məlumatlardan hansını doğru hesab edirsiniz?

- Bayaq da dediyim kimi, həqiqətən də insanlar sosial-iqtisadi problemlərin yığılmasına etiraz ediblər. Kubada insanların fərqli fikirlər səsləndirməsi normaldır - bunun üçün boşluqlar və səbəblər var. Qanunlara görə, səlahiyyətlilər seçicilər qarşısında məsuliyyət daşıyır və onlara cavab verməlidirlər. Əslində qanunlarımız tam demokratikdir və insanların gözləntilərinə cavab verir. Qalır məmurların bu qanunları maksimum yerinə yetirməsi. Bu olmadıqca, ölkədəki qeyri-müəyyənlik insanları daha da yoraraq ümidsizliyə itələyəcək…

- Siz bayaq bir fikir söylədiniz: nümayişlərdə suallarına cavab arayan sakit insanlar və onlara hücum edən təxribatçılar, vandallar. Onlar kimlərdir?

- Hələ indi-indi faktlarla təsdiqlənir ki, 11 iyulda etiraz aksiyasına başlayanlar və bir gün sonra – 12 iyulda Guinera məhəlləsindəki polis bölməsinə hücum edənlər xaricdə hazırlanan ssenarinin oyunçularıdır. ABŞ kəşfiyyatı sosial şəbəkələr vasitəsilə Mayamidə, İspaniyada və digər Latın Amerikası ölkələrində yaşayan kubalıları, eləcə də bu ölkələrin bəzi vətəndaşlarını Kubanın əleyhinə qaldırıb ki, ölkəmizdə qarışıqlıq yaratsınlar. Hətta təhlükəsizlik protokollarını pozan Twitter şirkəti, təxribat proqramı operatorlarına, alqoritmləri dərhal pozulan mesajları saxta hesablar və robotlar tərəfindən təkrarlanan "SOS Cuba" və "SOS Matanzas" kimi etiketlərin işləməsinə icazə verib. Eyni şey Facebook-da da müşahidə olunub. Digər tərəfdən, Mayamidə yaşayan Aleks Otaola, Ultraç, Eliecer Avila və başqa əslən kubalı olan bir qrup şəxs adada nifrət hislərini közərdərək, insanları Kuba hakimiyyəti və mülkiyyətinə qarşı zorakılıq hərəkətləri etməyə çağırıb. Onlar bu niyyətlərinə çatmaq üçün elə hey yalan danışdılar, həqiqəti manipulyasiya etdilər və saxta xəbərlər yaydılar. Həqiqət budur ki, bütün baş verənlər, ABŞ-ın Liviya və başqa yerlərdə etdiyi kimi, "humanitar" müdaxiləyə zəmin hazırlayacaq xaos yaratmaq məqsədilə xaricdən idarə olunub.

- Söhbətimizin məğzini unutmayaq, "Azadlıq adası"nda koronavirusa yoluxma və təbii ki, ölüm halları xeyli artıb. Axı Kubada tibb sahəsi dünyaya örnək olacaq qədər inkişaf edib. Kuba həkimləri dünyanın bir çox ölkəsində, o cümlədən, Azərbaycanda əhalinin pandemiyanın əsarətindən qurtulmasına kömək edirlər…

- Doğru deyirsiniz, ilk bir il ərzində virusun Kubada yayılmasına səhiyyə sistemimiz böyük səylə əngəl ola bilmişdi. Amma son zamanlar xəstəliyin dünya miqyasında sürətlə artması, xüsusilə də “Delta” ştammının yayılması qarşısında, bütün ölkələr kimi Kuba da çətinlik çəkir. Təbii ki, bu artım, səmərəli xalq sağlamlığı xidmətinin əla təmin edildiyi, çox yüksək sağlamlıq standartlarından istifadə etməyə alışmış kubalıları narahat etməkdədir. Bu vəziyyətdə, ABŞ hökuməti Kubanın xəstəliyin müalicəsi üçün dərman və tibbi ləvazimat almasını əngəllədi, ağciyər ventilyatorlarının, dərman istehsalı üçün xammal alınmasını maneə törətdi. Hətta bu məhsulları Kubaya çatdıra biləcək gəmi şirkətlərini sanksiyalarla hədələdi. Buna baxmayaraq, bütün bu müddət ərzində Kuba nəinki təslim olmadı, əksinə, özü dünyanın bir sıra ölkələrinə, o cümlədən Azərbaycana tibbi yardım göstərdi.

- Əhalinin peyvənd problemi necə həll olunur? Belə deyək, Kubanın 11 milyonluq əhalisinin neçə faizi tam peyvənd olunub və konkret hansı peyvəndlər vurulur?

- Kubanın öz peyvəndləri var – “Soberana 01”, “Soberana 02”, “Soberana Plus”, “Abdala” və “Mambisa”. ABŞ-ın ağır sanksiyalarına rəğmən, Kubada müalicə üçün gərək olan dərmanlar, hətta ağciyər ventilyatorları istehsal edilməyə başlandı. Bu günədək əhalinin az qala yarısına bir doza Kuba peyvəndi vurulub. Biraz da dəqiq desək, əhalinin 30 faizi artıq üç doza peyvəndlə təmin olunub. Adada pandemiya vəziyyətinin önümüzdəki həftələrdə sabitləşəcəyi gözlənilir və əminik ki, yaxın vaxtlarda Kubada bütün əhali peyvənd ediləcək.

- Özünüzün də qeyd etdiniz kimi, bu çətin günlərdə Kubaya embarqo qoyulub - Amerika embarqosu. Deyirsiniz ki, idxal etdiklərinizi adaya çatdırmaq olmur – Vaşinqton mane olur. Bəs məhsullar Kubaya necə çatdırılır? Bu məsələdə dost ölkələr harayınıza yetirmi? Məsələn, dünən eşitdim ki, Rusiya iki təyyarə dolusu yardım yola saldı Kubaya…

- Əslində mövcud olan nə embarqodur, nə də blokada, bu sözün əsl mənasında ABŞ-ın Kubaya qarşı utancverici müharibəsidir. 1960-cı ildə dövlət katibinin müavini Lester Mallori tərəfindən qorxunc bir memorandumda Prezident Eysenhoverə təklif edilən bir plana cavab verən müharibə. Həmin sənəddə kubalıların Kastroya və hökumətə qarşı ayağa qalxmaları üçün əhalidə aclıq və ümidsizlik yaratmağın lazım olduğu bildirilirdi. Bu gün Kuba xarici ticarətində dollardan istifadə edə, beynəlxalq maliyyə təşkilatlarının kreditlərinə daxil ola bilməz. Çünki ABŞ buna mane olur. OFAC xarici bankları və şirkətləri, Kuba ilə münasibət quran hər kəsi izləyir və onlara cərimələr, sanksiyalar tətbiq edir. ABŞ beynəlxalq hüquqa zidd olaraq öz qanunlarını xaricdə tətbiq edir və beynəlxalq ictimaiyyətin hər il blokadaya qarşı qəbul etdiyi qətnamələrə məhəl qoymur. Bu il iyunun 23-də 184 ölkə blokadanın əleyhinə çıxsa da, yalnız ABŞ və müttəfiqi İsrail sənədin timsalında dünyanın əleyhinə səs verdi. Beynəlxalq yardıma gəlincə, bu çox azdır və ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün kifayət deyil. Lakin buna baxmayaraq, Kuba ilə həmrəylik nümayiş etdirən ölkələrin əməyini çox yüksək qiymətləndiririk. Nəzərinizə çatdırım ki, Kubaya ən çox dəstək verən ölkə Meksika, sonra isə Rusiyadır. ABŞ-dakı kubalıların və amerikalıların həmrəylik hərəkatları da ölkəmizə bir az kömək göndərib. Kanada, Avropa və Latın Amerikasında yaşayan kubalılar da öz töhfələrini verməkdədilər.

- Venesuelada bir nəfəri - Guaydonu özünə dayaq seçən Vaşinqton onu lider adlandırır. Vaşinqtonun Guaydo kimi, Kubada da qondarma bir lider tapa biləcəyindən qorxuram və hesab edirəm ki, bu adaya yalnız problem gətirər. Kubada ABŞ-ın dəstəklədiyi müxalifət lideri varmı?

- Kuba cəmiyyətində hər hansı Guaydo tapmaq çox çətindir. Özünü bu rolda görən qondarma liderlərin hamısı adadan xaricdə yaşayır. Özü də onların hamısı zəncirvari şəkildə bir-birinə bağlıdırlar və hamısı ABŞ-dan maliyyə dəstəyi alır. Qarşılığında isə edə biləcəkləri real bir şey yoxdur. Onlar Kuba əhalisinin nəzərində heç bir dəyəri, siyasi bünövrəsi olmayan insanlardır.

- Xaricdə oturanların əsas istəyi Kubada sosial böhran yaratmaq yoluyla xalqı hakimiyyətdən küsdürməkdir. Necə bilirsiniz, Kuba bazarlarınızda məhsul qıtlığı varmı və qiymətlər əlverişlidirmi? Hər halda bir vətəndaş olaraq alış-verişə çıxırsınız…

- Açığını desəm, bəli, bazarlarda məhsul qıtlığı var. Qara bazarlarda və özəl ticarət mərkəzlərində qiymətlər sürətlə artır ki, bu da vəziyyəti çətinləşdirir. Bununla birlikdə, dövlət əhalini çox aşağı qiymətə məhsulla təmin etməyə çalışır, amma bu da kifayət etmir, sadəcə, əhalinin ümidlərini artırır. Hazırda hökumətimiz ərzaq və digər məhsulların istehsalını, xidmətlərin keyfiyyətini artırmaq üçün ciddi səylər göstərir.

- Heç özümüzdən danışmadıq: kubalılar Azərbaycanı tanıyırmı, haqqımızda nələri bilirlər? Bəri başdan öz adımdan deyim ki, Kuba siqar, şəkər qamışı, əla dərman vasitələri ilə, Azərbaycan isə nefti, qazı və qonaqpərvərliyi ilə məşhurdur...

- Çox təəssüf edirəm ki, əksər sıravi kubalılar Azərbaycanın haqqında çox az şey bilirlər. Bilənlərə isə məlumdur ki, Azərbaycan bənzərsiz ölkədir, onu tanıdan dəyərlər neft və qazdan qat-qat artıqdır. Amma təəssüf ki, kubalılar son illər Ermənistanla münaqişə səbəbindən xoşagəlməz xəbərlər eşidirərək kədərlənirlər. Amma ümid edirəm ki, əvvəlki kədər doğuracaq hadisələr bir daha təkrarlanmayacaq və iki qonşu xalq olaraq ermənilərlə azərbaycanlılar bir-birini başa düşərək, sülh içində yaşaya biləcəklər.

- Şəxsən siz nə bilirsiniz Azərbaycanla bağlı?

- Nəzərə alın ki, mən keçmiş SSRİ-də təhsil almışam… Azərbaycan Şərqin qapısı, əbədi odlar ölkəsidir. Mənim həmyaşıdlarım, xüsusilə də keçmiş SSRİ-də təhsil alan kubalılar, Azərbaycanı daha yaxından tanıyırlar. Sizə deməliyəm ki, SSRİ dağılandan sonra postsovet respublikalarının ən əhəmiyyətli mədəniyyət səfirliyi Azərbaycandan gəldi. Zərifə Salahova bizi ziyarət etdi və miniatür kitablarını sərgilədi. Azərbaycanın musiqisini, rəqslərini, mədəniyyətini, rəngarəng, zərif xalçalarını, sənətkarlıq məhsullarını və təbii ki, Azərbaycan xalqının əvəzolunmaz qonaqpərvərliyini, səmimi dostluğunu sevirəm. Bir çox azərbaycanlılarla əlaqə saxlamaq şansım olub və hamısında Kubaya və kubalılara səmimi sevgi, dostluq hiss etdim. Xatırlayıram ki, keçmişdə Fidel Kastro ilə Heydər Əliyev arasında səmimi dostluq mövcud idi. Yeri gəlmişkən, Heydər Əliyev yalnız líder deyildi, həmçinin görkəmli sovet alimi, böyük şərqşünas idi.

- Nəhayət, Kuba xalqını və dövlətini sevən bir azərbaycanlı jurnalist olaraq sizdən xahiş edirəm: Azadlıq adasında təxribata, siyasi xaosa, düşmənlərinizi sevindirən heç nəyə icazə verməyin. İstəyirəm ki, bu ada bütün pisliklərdən uzaq qalsın…

- Səmimi sözlərinizə görə çox sağ olun. Sizi əmin edirəm ki, biz kubalılar təslim olmayacağıq, ölkəni düşmənlərinə təhvil verməyəcəyik. Sizi əmin edirəm ki, vəziyyət Qərb mediasında gördüyünüz, sosial şəbəkələrdə deyilənlər kimi deyil…

Oxunma sayı 6017