ABŞ-nin Azərbaycana qarşı heç bir ədalət prinsipinə sığmayan, müttəfiqlik ruhuna zidd davranışları Bakı tərəfindən ciddi etirazlarla qarşılanır. Konqresdəki məlum dinləmələr və Senatdakı növbəti bədnam layihənin qəbulunun doğurduğu reaksiyanı Vaşinqtonda da görürlər. Sonrakı proseslərdə ABŞ-nin Azərbaycanın haqlı narazılıqlarının nə dərəcədə diqqətə alınacağı, yanlışdan dönüləcəyini isə zaman göstərəcək. Hələlik, Azərbaycanın ictimai-siyasi kəsiminin Vaşinqtonun məsuliyyətsiz davranışları ilə bağlı iradları və etirazları davam etməkdədir.
Milli Məclisin deputatı Elşad Mirbəşirin sözlərinə görə, Azərbayacana qarşı «907-ci düzəliş» ironik hisslər doğurur. Azərbaycanın ABŞ-nin hərbi dəstəyinə ehtiyacı yoxdur. Azərbaycan güclü dövlətdir, ordusu güclüdür. Regionda əsas sözü olan subyektdir. ABŞ bunu bilir və mövcud reallığı anlamalıdır. E.Mirbəşir ABŞ-nin Azərbaycana qarşı açıqqərəzli mövqe sərgiləməsinin bir sıra səbəblərinə toxunub. “ABŞ ötən əsrin 90-cı illərində mövcud erməni lobbisinin təsiri altında ermənipərəst mövqe sərgiləməyə başlayıb. Ermənistan 1992-ci ildə sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edərkən ABŞ Konqresində “Azadlığa dəstək” aktına 907-ci əlavə qəbul edilmişdi. Halbuki, bu əlavə Ermənistana qarşı qəbul edilməli idi. Məhz Ermənistan Azərbaycan torpaqlarını işğal edirdi. Bununla ABŞ olduqca ədalətsiz mövqe sərgiləmiş oldu və ümumiyyətlə, dünyaya təbliğ etdiyi dəyərlərlə bağlı qeyri-səmimi olduğunu nümayiş etdirdi. Təcavüzkar, işğalçı Ermənistana bu dərəcədə açıq dəstək nümayiş etdirmək, təbii ki, onu yeni işğallara həvəsləndirmək anlamına gəlirdi. Bundan sonra Ermənistan özünü daha da cəzasızlıq şəraitində hiss etdi və məhz həmin tarixdən sonra nüxtəlif yaşayış məntəqələrimizdə azərbaycanlılara qarşı soyqırımlar törədildi. Ona görə də 90-cı ilin əvvəllərində Ermənistanın ölkəmizə qarşı törətdiyi qanlı terror aktlarında, ümumən qanlı cinayətlərdə ABŞ-nin əlinin olduğunu qeyd edə bilərik”.
E.Mirbəşir eyni zamanda qeyd edib ki, ABŞ hər zaman təkcə Cənubi Qafqazda deyil, dünyanın müxtəlif regionlarında münaqişə vəziyyətləri ilə bağlı öz maraqlarına uyğun mövqe sərgiləyib. Beynəlxalq terrorizmə qarşı mübarizə məsələsində ABŞ səmimiyyətdən tam uzaq olub. Onun sözlərinə görə, məqsədli olaraq ABŞ-də terrorun mahiyyəti bir neçə formada izah edilir. ABŞ-yə hansı forma sərf edirsə, ona istinad edərək addımlar atır. Təbbi ki, bu, dünya təhlükəsizliyi üçün olduqca ciddi təhdid yaradan bir haldır.
“Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzli mövqe nümayiş etdirməklə ABŞ hər zaman erməni lobbisinin təsiri altında olub. Məsələnin digər tərəfi ondan ibarətdir ki, ABŞ həm də erməniləri özünün məkrli maraqlarını, ambisiyalarını həyata keçirmək üçün rahat istifadə edilə biləcək alət kimi görüb. Bu, təkcə ABŞ-yə deyil, Avropa ölkələrinə, xüsusən Fransaya da aiddir”.
Deputat hesab edir ki, hazırkı dövrdə cərəyan edən proseslər daha çox ikinci səbəbin üzərində dayanmağa imkan yaradır. Onun sözlərinə görə, indiki mərhələdə ABŞ Cənubi Qafqazda da Rusiyaya qarşı növbəti cəbhəni açır. “2018-ci ildə Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gətirildi. ABŞ belə təsadüfi adamları ona görə siyasətə gətirir ki, onlardan rahat istifadə etsinlər. Onların siyasi təfəkkürü, məsuliyyətləri olmur. Paşinyan özünün siyasətində sərt transformasiyalara yol verən rəhbərdir. Bunun özü də onun nə qədər qeyri-ciddi olduğunu, siyasi təfəkkür çevrəsinin göstəricisidir. Ayrıca bu, onun aşkar idarə edildiyinə dəlalət etməkdədir. Ona görə də ABŞ Paşinyan vasitəsilə Ermənistanı özünün tam idarəçiliyinə götürüb. Bu, region üçün olduqca təhlükəlidir. ABŞ Ermənistandan Rusiyaya qarşı geosiyasi mübarizədə istifadə etməkdədir”.
E.Mirbəşir bu təhlükənin Azərbaycan üçün də proqnozlaşdırıla biləcəyini düşünür. Onun sözlərinə gözrə, ABŞ yalnız özünün məkrli maraqlarına uyğun davranan bir ölkədir və bu maraqların təmin olunması istiqamətində reallıqları rahatlıqla təhrif edir, qeyri-obyektiv mövqe sərgiləyir. “Məsələn, bu gün ABŞ Ermənistanı bir alət kimi görürsə, ona dəstək verməkdən çəkinməyəcək. ABŞ üçün heç bir bəşəri, insani dəyər mövcud deyil. İkinci tərəfdən, ABŞ marginal maraqlarını həyata keçirərkən öz davranışlarında mənəvi etik çərçivəni gözləmir. Bu da olduqca təhlükəlidir. Ermənistan 30 il Azərbaycan torpaqlarını işğala məruz qoyub, terror, soyqırımlar törətsə də, ABŞ bunları nəzərə almadı. ABŞ öz davranışlarında özünün bu mahiyyətini aşkar nümayiş etdirib. Bu gün dünyanın müxtəlif coğrafiyalarında ABŞ-nin kütləvi insan qırğınlarında, ayrı-ayrı xalqlara qarşı həyata keçirilən terrorlarda birbaşa dirijorluğunu görmək mümkündür. Bu baxımdan qlobal təhlükəsizliyin təmin olunması ilə bağlı ABŞ-nin çağırışlarını və yaxud hansısa səyləri sırf dekorativ xarakterlidir. Biz bunu ABŞ-nin Azərbaycana qarşı sərgilədiyi mövqeyində də müşahidə etməkdəyik. ABŞ nəzarətində olan subyektlərinin haqsız davranışlarına don geyindirməyə hazır olduğunu nümayiş etdirməkdədir. Eləcə də təcavüzkar, işğalçı Cənubi Qafqaz regionuna hər zaman təhdud yaradan, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana dəstək nümayiş etdirməsi bir daha göstərir ki, ABŞ öz maraqları naminə cinayətkarı dəstəkləyir”.
E.Mirbəşir qeyd edib ki, 907-ci düzəlişə əlavə 1992-ci ildə qəbul edilib. 2001-ci ildə ABŞ-nin maraqlarına cavab verdiyi üçün Konqres ona hüquqi səlahiyyətlərini dayandırmaq imkanı vermişdi. “2001-ci ildə Azərbaycan beynəlxalq terrorizmə qarşı koalisiyaya dəstək nümayiş etdirdi. Bu gün isə ABŞ fərqli davrana bilmək imkanlarını görür. İraqa, Əfqanıstana bu istiqamətdə dəstək lazım deyil. Belə olan halda, Azərbaycanın haqlı maraqlarını görməzdən gələ bilər. Bu baxımdan 907 maddənin yenidən hüquqi qüvvəsi təmin olundu və ədalətsiz mövqeyini təsdiqləmiş oldu”.
E.Mirbəşir hesab edir ki, ABŞ kimi dövlətlər belə qərəzli addımlar atarkən reallıqları unudur. Onun sözlərinə görə, bugünkü Azərbaycan 1992-ci ilin Azərbaycanı ilə müqayisə edilə bilməz.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun qənaətincə, hansı ölkənin nə deməsindən asılı olmayaraq, Azərbaycan bölgədə öz sözünü söyləyəcək. Ermənistanla sülh müqaviləsi də bağlanacaq. Cənab Prezidentin dediyi kimi, biz qarşıya qoyduğumuz hədəflərə çatacağıq.
Ekspert bildirir ki, ABŞ Minsk qrupunun üzvü olsa da, son 30 il ərzində mütəmadi olaraq Azərbaycana qarşı qərəzli, əsassız fikirlər səsləndirib. Onun fikrincə, bu, daha çox seçkilər ərəfəsində ermənipərəst senatorların səs qazanmaq üçün çıxardığı oyunlardır.
Ş.Ramaldanov hesab edir ki, ABŞ-dən gələn bu cür ikilistandartlı çıxışların Azərbaycana heç bir təsiri olmayacaq: “Azərbaycan güclü dövlətdir, translogistik yolların mərkəzində yerləşir. Azərbaycanın geosiyasi arenada nüfuzu yüksəkdir, separatizmə qarşı mübarizədə öndə gedir”.
O ki qaldı ABŞ və digər böyük dövlətlərin ermənipərəst mövqedən çıxışına, ekspert hesab edir ki, bu, Ermənistandan İrana, Rusiyaya təzyiq etmək üçün əlverişli ərazi kimi istifadə etmək cəhdidir.
“ABŞ-nin ermənipərəst mövqeyi ermənilərə məhəbbətdən irəli gəlmir. ABŞ-nin regionda maraqları var və ona çatmaq üçün Ermənistan faktorundan istifadə etmək istəyir. Bunlar Ermənistana, ABŞ-yə müsbət heç nə vəd etmir.
Fransanın, ABŞ-nin mövqeyi onu göstərir ki, regionda sülhdə maraqlı deyillər. Azərbaycanın əks-hücum əməliyyatı tarixi göstərir ki, biz bu addımı atmaqda haqlıydıq. Minsk qrupu dövlətləri bizə heç nə vəd etmirdi, indi də heç nə verən deyil. Bununla yanaşı, regionda Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti sayəsində regionda sülh, əmin-amanlıq istiqamətində işlər aparılır. Azərbaycanın gün-gündən artan nüfuzu, öz sözünü açıq deməsi müstəqil dövlət olaraq gücünün nümayişidir və onunla hesablaşacaqlar”.
Siyasi şərhçi Aydın Quliyevin qənaətincə, ABŞ rəsmiləri Azərbaycanın 19 sentyabr antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən qətiyyən məmnun qalmadığı üçün təzyiq kursunu götürüb. ABŞ bir ovuc erməninin mənafeyini Azərbaycanın mənafeyindən üstün tutur. Ermənistanı məğlub durumdan çıxarmaq üçün revanşist qüvvələrə dəstək verməklə məşğuldur. Bu, olduqca təhlükəli yoldur.
A.Quliyev qeyd edir ki, Qərb, Avropa, xüsusilə də Fransa və ABŞ Ermənistan təəssübkeşliyini əsas götürərək, Azərbaycana qarşı siyasəti kəskinləşdirirlər. Ekspert ABŞ rəsmilərinin bugünkü açıqlamalarına diqqət çəkərək, bir neçə amilə toxunub. Onun fikrincə, həmin çıxışlardan görünür ki, ABŞ 907-ci düzəlişin icrasını döndurmaq fikrində deyil. Dövlət Departamenti sədrinin köməkçisi Braynın açıqlamaları da göstərir ki, ABŞ Azərbaycana qarşı məhz Ermənistanın mənafeləri baxımından təzyiq dili ilə danışmağa başlayır.
Ekspert ABŞ-nin təzyiq siyasətində iki əsas istiqamətə diqqət çəkib: “Birinci, elə görüntü yaradılır ki, sanki Ermənistan-Azərbaycan arasındakı sülh prosesinin hazırkı durğunluğunun səbəbkarı Azərbaycandır. ABŞ bu prosesi ölü nöqtədən qaldırmaq üçün Ermənistana təzyiq göstərməkdənsə, Azərbaycana təzyiq edir. Bu, sülh prosesinin normallaşmasının məsuliyyətini Ermənistanın üzərindən çıxarıb, Azərbaycana yönəltmək cəhdidir.
İkincisi, ABŞ Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya gedən iqtisadi marşrutlarda Azərbaycanın səyləri ilə yaradılmış üstünlükləri görmür. Əksinə, məhz Ermənistanın da üzərindən keçməklə Avropaya bir dəhliz açılmasını labüd hesab edir. Açıq-aşkar görünür ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərinə dəstək yoxdur. Üstəlik, İran üzərindən keçməklə Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən bu dəhlizə qarşı aqressivlik nümayiş etdirilir. Halbuki bu dəhliz sırf Azərbaycanla Naxçıvanın ehtiyacları üçündür. Ermənistana təzyiq edib, onu Zəngəzur dəhlizini açmağa məcbur etmək əvəzinə, Azərbaycana qarşı təzyiq göstərilir”.
A.Quliyev hesab edir ki, bütün bunlar təsadüfi deyil. Qərbdən gələn bu təzyiqlər Azərbaycanın bölgədə başladığı sülh prosesini gecikdirmək, Ermənistanın sülh sazişini imzalamasının qarşısını almaq, bölgədə münaqişə ocağını saxlayıb, bu bəhanə ilə regiona daxil olmaq məqsədləri güdür.
“Azərbaycan düz, 30 il Qərbə bu şansı verdi. Onlar bu şansı münaqişənin həll olunmamasına yönəltdiklərinə görə prosesdən kənarda qaldılar. İndi də sülh, təhlükəsizlik layihələrinə üstünlük vermək əvəzinə, dağıdıcı və aqressiv layihələrə dəstək verməyə başlayıblar. Elə Rusiya sülhməramlılarının bölgədən çıxarılması və o missiyaya beynəlxalq alternativlərin təklif olunması da məhz Qərbin dağıdıcı yol tutduğunu deməyə əsas verir”.
“ABŞ-nin bu təhdidlərinə təzyiq vasitəsi kimi baxmaq lazımdır. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb-çıxarılmasını özü üçün prioritet elan edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə ram etmək istəyir”. Bunu isə hafta.az-a politoloq Rəşad Bayramov ABŞ-nin Azərbaycanı təhdid edən mesajları, İran üzərindən keçən yola qarşı çıxması və Azərbaycanı sanksiyalarla hədələməsi ilə bağlı şərhində bildirib.
Politoloq qeyd edir ki, ABŞ bu təzyiq yolu ilə Azərbaycanı Qərbin maraqlarının icraçısına çevirmək istəyir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın sülh danışıqlarında inkişaf olmayanadək Azərbaycana birbaşa yardımı qadağan edən 907-ci düzəlişdən imtinanın müddətinin uzadılmayacağı ilə bağlı hədələri də bunun bariz sübutudur.
“Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik yastığı vəd edən, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ-nin digər dövləti, yəni Azərbaycanı sanksiyalarla hədələməsi heç bir çərçivəyə sığmır. Əvvəla, ona görə ki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Azərbaycandır. Əgər ABŞ həqiqətən də sülh danışıqlarında inkişaf istəyirsə, onda Azərbaycan deyil, Ermənistana təzyiq etməlidir. Digər tərəfdən, Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi bazaları mövcud deyil, sülhməramlıların ərazilərimizi tərk etməsinə isə elə də çox vaxt qalmayıb. ABŞ unudur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin 20 il uzadılması təklifi ilə çıxış edən Ermənistan bundan imtina edənsə Azərbaycan olub. Biz təbii olaraq ərazilərimizdə hər hansı xarici qüvvənin qalmasında maraqlı deyilik. Qərbin səhv siyasəti, davamlı təzyiqləri bizi faktiki olaraq Rusiya ilə yaxınlaşdırır”.
R.Bayramov eyni zamanda qeyd edib: “Azərbaycanın İran üzərindən keçən nəqliyyat dəhlizinin yolverilməz olduğunu deyən ABŞ rəsmiləri unudurlar ki, ölkəmizi həmin yola məcbur qoyan da elə məhz özləridir. Əgər ABŞ və Ermənistanın Avropadakı digər havadarları zamanında Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərsəydilər, o zaman bizim də İran üzərindən hər hansı yola ehtyacımız qalmazdı. Yaxud əgər ABŞ həqiqətən də Rusiyanın Cənubi Qafqazı tərk etməsini istəyirsə, bunun üçün ilk növbədə, öz siyasətində düzəlişlər etməlidir. Başqa sözlə desək, ilk növbədə, sülh sazişinin bağlanması üçün Ermənistana təzyiq göstərməli və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Sülh olacaqsa, ərazilərimizdə qalmağa can atan Rusiyanın da hər hansı bəhanəsi qalmayacaq. Ermənistanı bütün səviyyədə dəstəkləyərək, Azərbaycana qarşı təhdid və hədə dilində danışmaq çıxış yolu deyil və bunun əks-təsiri ola bilər”.