ABŞ-ın Putinin əvəzinə kimə dəstək verəcəyi xeyli müddət bilinməyəcək...- TOFİQ ZÜLFQAROV

18:40 02.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden “Nyu-York-Tayms"dakı  son məqaləsində  “Cənab Putinlə mən razı deyiləm və onun hərəkətlərini biabırçı hesab etməyimə rəğmən, Birləşmiş Ştatlar və müttəfiqlərimiz onun Moskvada devrilməsinə cəhdlər göstərməyəcəyik” -deyə bildirib.

Bəs görəsən, bu, Amerika liderinin gerçək fikridir, yoxsa, bu, sadəcə, demokratik dəyərlərə hörmət xatirinə söylənilən siyasi-diplomatik bir cümlədir?

“Doğrusu, mən ABŞ prezidenti Co Baydenin gerçəkdən Putin haqda belə bir fikirdə olduğuna inanmıram. Çünki istər-istəməz Ukraynaya davam edən təcavüz fonunda Putinin siyasi səhnədən getməsi müxtəlif səbəblərdən qaçılmazdır. Yəni burada iki əsas səbəb səsləndirilir: Rusiya liderinin səhhətində olan problemlər və sanksiyalar nəticəsində iqtisadi böhranın ifrat həddə çatması...”

Bu fikirləri hafta.az-a  açıqlamasında əməkdaşımızın sualını cavablandıran sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib.

“Hesab edirəm ki, Ukraynada müharibə davam etdikcə Rusiyadakı iqtisadi böhran daha da güclənəcək. Və bu halda Putinin hakimiyyətdən getməsi üçün Baydenin, yaxud bütövlükdə ABŞ dövlətinin istəyib-istəməməsi önəmli olmayacaq. Düzdü, ABŞ prezidenti sözdə bəyan edə bilər ki, Putinin devrilməsi Ağ Ev üçün məqsəd deyil.  Ancaq rəsmi Vaşinqtonun real  addımları göstərir ki, artıq Rusiyada hansısa yeni sima, yeni fiqurla işləmək onlar üçün daha da əlverişlidir”- deyə fikirlərinin davamında politoloq bildirib.

“Bəs sizcə, Ağ Ev hazırkı şəraitdə Rusiya elitasında konkret kimə “stavka” edə bilər?” sualını isə siyasi şərhçi belə cavablandırıb:

“ABŞ-ın, Qərbin Putini əvəzləmək üçün kimə,  Rusiya siyasi elitasındakı hansı fiqura dəstək verəcəyi hələ xeyli müddət görsənməyəcək, bilinməyəcək. Bu məsələdə açıqlığı gözləmək düzgün olmazdı. Məsələn, hələ Rusiyada  Yelstinin liderliyi dövründə Putinin haradan peyda olması da qapalı mövzu idi. Hətta onun hakimiyyətə gəlişindən sonra da Qərbdə sual edilirdi: “who is mister Putin?”, yəni “Putin kimdir?”. Hesab edirəm ki, bu gün də belə məsələlər ictimaiyyətdən uzaq, qapalı bir şəkildə həllini tapacaq”.