ABŞ prezidenti Co Baydenin 2025-ci maliyyə ili üçün 7,3 trilyon dollarlıq büdcə təklifi zəngin və böyük şirkətlərə vergiləri artırmaqla büdcə kəsirini azaltmaq və Amerika ailələri üçün xərcləri azaltmaq məqsədi daşıyır.
Hafta.az-ın yazdığına görə, Ağ Ev oktyabrın 1-də başlayacaq 2025-ci maliyyə ili üçün dövlət xərclərini özündə əks etdirən büdcə təklifini ABŞ Konqresinə təqdim edib.
Bayden administrasiyasının növbəti maliyyə ili üçün büdcə təklifi 2024-cü maliyyə ilinin 5 ayı keçməsinə baxmayaraq, bəzi dövlət qurumlarına maliyyə təmin edəcək büdcə qanun layihəsinin hələ də Konqresdə müzakirəyə çıxarılmadığı bir vaxta təsadüf edir.
Baydenin siyasət hədəfini də əks etdirən büdcə təklifinə görə, ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə aylar qalmış, 2025-ci maliyyə ilində 5,5 trilyon dollar gəlir təmin edilməsi hədəflənir, 7,3 trilyon dollar xərclənməsi planlaşdırılır.
Bayden 2024-cü maliyyə ili üçün büdcə təklifində 6,9 trilyon dollar xərcləmə nəzərdə tutmuşdu.
Büdcə təklifi Rusiyanın Ukraynadakı müharibəsi və İsrailin Qəzzada müharibəsi davam etdiyi üçün 2024-cü maliyyə ili ilə müqayisədə müdafiə xərclərinin 1 faiz artırılmasını nəzərdə tutur.
2025-ci maliyyə ilində müdafiə xərcləri üçün 895 milyard dollar resurs ayrılıb. Bu məbləğin 849,8 milyard dollarının Müdafiə Nazirliyinə (Pentaqona), qalan hissəsinin isə digər nazirliklər daxilində müdafiə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Növbəti maliyyə ilinin büdcə təklifində qeyri-müdafiə xərcləri üçün ayrılan resursun 6,9 faiz artırılaraq 621 milyard dollara çatdırılması nəzərdə tutulur.
ABŞ-da 2025-ci maliyyə ilində Səhiyyə və İnsan Xidmətləri Departamentinə 133,8 milyard dollar, Veteranlarla İş Departamentinə 129,3 milyard dollar, Təhsil Departamentinə 82,4 milyard dollar, Dövlət Departamentinə 64,4 milyard dollar, Energetika Nazirliyinə 51,4 milyard dollar, Ədliyyə Nazirliyinə 37,8 milyard dollar, Kənd Təsərrüfatı Nazirliyinə 29,2 milyard dollar, Nəqliyyat Nazirliyinə 25,4 milyard dollar, Daxili İşlər Nazirliyinə 17,8 milyard dollar, Xəzinədarlıq Nazirliyinə 14,4 milyard dollar, Xəzinədarlıq Nazirliyinə 13,9 milyard dollar vəsait ayrılıb. Əmək Nazirliyinə 13,9 milyard dollar və Ticarət Nazirliyinə 11,4 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Baydenin büdcə təklifi, keçən il olduğu kimi, 10 il ərzində büdcə kəsirini təxminən 3 trilyon dollar azaltmağı hədəfləyir.
Bu kontekstdə zənginlərdən və şirkətlərdən vergilərin artırılması yolu ilə vergi boşluqlarının aradan qaldırılması, iri dərman və neft şirkətlərinin xərclərinin və digər israfçı xərclərin sərt tədbirlərlə azaldılması nəzərdə tutulur.
Milyarderlərin gəlirlərinin ən azı 25 faizini vergi kimi ödəmələrinin təklif edildiyi büdcənin böyük şirkətlər üçün vergi dərəcələrinin artırılması və böyük transmilli şirkətlərin vergidən yayınmasının qarşısının alınması kimi atılacaq addımların qazanc gətirəcəyi gözlənilir.
Büdcə təklifində korporativ vergi dərəcəsinin 21 faizdən 28 faizə qaldırılması tövsiyə edilir və yaxın 10 ildə təxminən 5 trilyon dollar vergi artımı nəzərdə tutulur.
Amerika xalqı üçün dərman, uşaq baxımı və mənzil kimi xərclərin azaldılması, Medicare (65 yaş və daha yuxarı insanlar üçün federal tibbi sığorta) və sosial təminatın gücləndirilməsi, vergi ədalətliliyini təşviq etməklə büdcə kəsirinin bağlanması, ABŞ-a sərmayə qoyuluşu, amerikalıları ölkə daxilində və xaricində qorumaq planlaşdırılır.
İqtisadi proqnozların da yer aldığı büdcə təklifində ABŞ iqtisadiyyatının 2024-cü ildə 1,7 faiz, 2025-ci ildə 1,8 faiz, 2026-cı ildə isə 2 faiz artacağı təxmin edilir.
Ölkədə inflyasiyanın 2024-cü ilin sonunda 2,9 faiz, 2025 və 2026-cı illərdə isə 2,3 faiz olacağı gözlənilir.
ABŞ-da işsizlik səviyyəsinin 2024 və 2025-ci illərdə 4 faiz, 2026-cı ildə isə 3,9 faiz olacağı güman edilir.
Büdcə kəsirinin 2024-cü ildə 1,9 trilyon dollar, 2025-ci ildə 1,8 trilyon dollar və 2026-cı ildə 1,5 trilyon dollar olacağı gözlənilməkdədir.