ABŞ Senatı Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb

15:16 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Sənəddə Rusiya Federasiyası bu ölkəyə hərbi müdaxilə zamanı “Ukrayna xalqına qarşı soyqırım aktları törətdiyinə görə” pislənilir, ABŞ və onun müttəfiqləri Ukrayna hökumətinə dəstəyi davam etdirməyə və bu dəhşətli cinayətlərə görə məsuliyyət daşıyanları “məhkəmə qarşısına çıxarmaq məqsədi ilə araşdırmalar aparmağa” çağırır”, – DW yazır.

“Putin öz hərəkətləri ilə son dərəcə aydın şəkildə göstərdi ki, onun məqsədi Ukrayna xalqının varlığına son qoymaqdır. Mən şəxsən İrpendə və Kiyev vilayətinin digər ərazilərində vəhşiliyinin sübutlarını gördüm”, - deyə qətnamənin həmtəsisçilərindən biri olan respublikaçı senator Cim Riş bildirib.

Digər həmmüəllif, demokrat senator Ben Cardin hesab edir ki, “Putinin qeyri-qanuni və əsassız müharibəsi boyu Ukrayna xalqına qarşı törədilən cinayətlər saysız-hesabsız beynəlxalq konvensiyaları pozur və yalnız soyqırım kimi xarakterizə edilə bilər”.

Qətnamədə ABŞ prezidenti Co Bayden Ukrayna xalqının soyqırımında iştirak edənlərə qarşı “Maqnitski Aktı”na əsasən sanksiyalar tətbiq etməyə dəvət olunur.

Bundan əvvəl bir sıra ölkələrin parlamentləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı Rusiyanı terrorizmin sponsoru və ya terrorçu rejim elan edib. Oxşar qətnaməni Avropa Parlamenti də təsdiqləyib. Oxşar sənədlər artıq dəfələrlə ABŞ Konqresinə təqdim olunub, lakin onların heç biri hələ qəbul edilməyib.

Oxunma sayı 1484