ABŞ Taliban qarşısında heç bir güc göstərə bilmədi - Politoloq

19:23 16.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Talliban hakimiyyətə gəldi. Talibanın hakimiyyətə gəlməsi qonşu dövlətlər üçün müəyyən iqtisadi-siyasi problemlərin yaranması baxımından birmənalı qəbul olunmur. Bir çox ekspertlər Talibanın hakimiyətə gəlməsini region üçün yeni problemlərin yaranması kimi qeyd edir.

Taliban hökuməti regiona nə vəd edir?

Bu barədə hafta.az-a şərh verən politoloq Qabil Hüseynli Talibanın hakimiyyətə gəlməsini tək region üçün deyil, bütövlükdə dünya üçün təhlükə hesab edib. Onun sözlərinə görə, Əfqanıstanda hakimiyyət dəyişikliyi nəticəsində qanuni hakimiyyətin devrilib, məhz bir çox ölkələr tərəfindən terorçu qruplaşma kimi tanınan talibançıların hakimiyyətə gətirilməsi heç bir siyasi çərçivəyə sığmır. Politoloq Talibanın meydanı ələ alması prosesində Əfqanıstanın yanında olan ABŞ-ın gözlənilmədən meydanı boş qoyub aradan çıxmasını anlaşılan saymayıb.  

“ABŞ Əfqanıstanda Əşrəf Qani hökumətini bir növ tərəfsiz qoydu.  ABŞ-ın Əfqanısatanda qurduğu, təlim keçdiyi ordu lazımi siyasi iradəyə, döyüş əzminə malik olmadığından əllərində avtomat silahlarından başqa heç nə olmayan, köhnə feodal təfəkkərlü, yaşları 50-ni keçmiş Taliban döyüşçüləri qarşısında dayanıb dəyanət göstərə bilmədilər. Hətta bir vaxtlar şəninə xoş sözlər söylədiyimiz marşal Rəşid Dustum da  müqəddəs peyğəmbərimizin adı ilə bağlı olan Məzari Şərif kimi şəhəri qoyub siyasi məsuliyyətini unudaraq oradan Özbəkistana qaçdı. Özü ilə birlikdə götürdüyü 84 nəfər özbək əsilli döyüşçülərini isə Özbəkistan qəbul etməkdən imtina edir və bunları qaytarmaqla bağlı talibançılarla danışıqlara  getmək istəyir”. 

Politoloq Əfqanısatanda baş verən bu hadisələri məntiqlə izah etməyin çox çətin olduğunu deyib:  

“1996-cı ildən 2001-ci ilə qədər Əfqanıstanda hakimiyyət başında olmuş talibançılar ölkəni bütün terror təşkilatlarının oylağına çevrimişdilər. Əl-Qaidə, İşid, Hizbulah nümayəndələri və digər terrorçu təşkilatlar da burada kök salmışdılar.  Nəhayət, 2001-ci ildə təyyarə ilə oranı taran etdikdən sonra Amerika Əfqanısatanda öz silahlı qoşun dəstələrini yerləşdirdi.  Təəccüblüdür ki, Amerika bir nömrəli dövləti, birnömrəli hərbiyə malik olmasına baxmayaraq Talibana qarşı heç bir güc göstərə bilmədi.  Müasir silahları işə salıb talibançıların axırına çıxa bilmədilər. Guya Əfqanıstanda nizami qoşun formalaşdırdılar. Amma onların formalaşdırdığı silahlı qüvvələr nə Talibanın tərəfinə bir güllə ata bildi, nə də bir döyüş əzmi göstərə bildi. Bu həddən artıq ciddi məsələdir, araşdırılmalıdır. Necə ola bilir ki,  feodal təfəkkürlü, vaxtilə Amerikanın qürurunu tapdamış  Əl-Qaidəyə sığınacaq verən talibançılar indi  hücum edir, ABŞ da tələm-tələsik səfirlik qarşısında hərbi hissələrini oradan yığışdırırlar. Deməli, cavabını gözləyən suallar çoxdur”-deyə politoloq bildirdi.