İldırım adətən buludların elektrikləşməsi zamanı mümkün olur. Topa yağış buludlarında bu proses çox intensivdir. Burada sahənin gərginliyi, potensial həddən artıq böyükdür. İldırımın uzunluğu bəzən bir neçə kilometrə çatır.
Bu fikirləri hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Həsən Nəbiyev deyib.
Onun sözlərinə görə, ildırım adətən bir neçə kanaldan ibarət olur. Kanallar əyri və şaxələnmiş olurlar:
“İldırım kanallarını ona görə görmək mümkündür ki, orda həddən artıq qızmış hava çəhrayı-bənövşəyi rəngə qədər işıqlı olur. Bu kanallarda istilik adətən 25-30 min dərəcəyə çatır. İldırım saniyənin onda biri müddətində davam edir. İldırımın birinci boşalması "lider boşalma” adlanır. Bu boşalma növbəti güclü boşalmalar üçün ildırım kanalı yaradır. Həmin kanalda ən güclü ildırım baş verir. Sonrakı ildırımlar isə nisbətən zəif qeydə alınır”.
H.Nəbiyev bildirib ki, Azərbaycanda ildırım halları daha çox dağlıq ərazilərdə baş versə də, bu gün vəziyyət tamamilə dəyişib: “Əvvəl ildırım daha çox Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Quba-Xaçmazın dağlıq hissələrində baş verirdi. Düzənlikdə, Aran rayonlarda, Abşeronda bu hadisə çox nadir hallarda olurdu. Amma son zamanlar Abşeronda və Aran zonasında da belə hadisələr get-gedə artmaqdadır. Təbii ki, bunun da əsas səbəbi baş verən iqlim dəyişmələridir. Hazırda hava kütlələrinin istiqamətində, intensivliyində də müəyyən dəyişmələr var. Bu dəyişmələr göstərir ki, dağlarda , Böyük Qafqazda müşahidə olunan hadisələr şərqə doğru köçürülür. Həmin iqlim dəyişmələri atmosfer dövranına, onun intensivliyinə təsir göstərir. Bakıda olmayan bir hadisə indi Bakıda tez-tez qeydə alınır və ildırım göy guruldaması, şimşəklərlə müşahidə olunur. İldırım vuran insanların sayı artır. Hazırda bu istiqamətdə tədqiqat işləri aparılır və bunun hansı səbəbdən çoxalmasının səbəbləri araşdırılır. Belə hadisələri proqnoz etmək çox çətindir. Hazırda bu hadisələrin yaranma şəraiti öyrənilir. Yəni, əsas fikir budur ki, atmosferdə müəyyən dəyişikliklər əmələ gəlib. Bu da ümumi vəziyyətə təsir göstərir. Amma bizim bu istiqamətdə tədqiqatlarımız hələ ki, davam etməkdədir. Digər tərəfdən, Bakıda tikilən hündür tikililər də hava kütlələrinin dinamikasına təsir edir. Bu tikililər hava kütlələrinin altında şaquli hərəkətləri gücləndirir. Bu da paytaxtda yağıntıların artmasına gətirib çıxarır. Bakıda yağıntıların, dumanlı hava hallarının sayı artır. Bu da yeni tikilən binalarla bağlıdır. Rütubətli hava həmin binaların səthi ilə təmasda olanda konvensasiya prosesi baş verir, binanın ətrafı həmişə dumanla örtülü olur. Bu istiqamətdə hələ tədqiqat aparılır”.
H.Nəbiyev onu da vurğulayıb ki, şimşək çaxanda insanlar maksimum ehtiyatlı olmalıdırlar: “Adətən, ildırım daha çox yüksək obyektləri vurur. Məsələn, dağlıq əraziləri. Şimşək çaxanda düzənlikdə olan ağacın altında da daldalanmaq olmaz. Çünki orda ən hündür obyekt ağacdır və ildırım birinci onu vuracaq. Ağacı da vursa, yəqin ki adamı da vuracaq. Güclü ildırım zamanı yaş paltarda açıq havada durmaq olmaz. Çantada olan metal əşyanı götürmək lazımdır. Mümkündürsə, telefon söndürülməlidir. Antenası olan bütün cihazların hamısı onu tutur. Bəzən maşında olanda adamlar özlərini daha təhlükəsiz hesab edir. Amma avtomobildə quraşdırılan registratorlar ildırımı darta bilirlər. İldırım çaxanda həmçinin evdə radioqəbuledicilər və telefon da söndürülməlidir ki, bu cihazlar ildırımı özünə dartmasın”.