Aclıq, səfalət, pulsuzluq… Şimali Koreyadan qaçanlar danışır

11:06 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya administrasiyası Şimali Koreyadakı şərtlərlə bağlı indiyə qədər aparılmış ən əhatəli araşdırmalardan birinin nəticələrini ictimaiyyətlə paylaşıb.

Hafta.az-ın yazdığına görə, araşdırmalar çərçivəsində Cənubi Koreyanın Birləşmə Nazirliyi 2013-2022-ci illər arasında ölkəyə sığınan 6300 Şimali Koreya vətəndaşı ilə müsahibələr aparıb.

280 səhifəlik hesabata görə, Şimali Koreya qaçqınlarının əksəriyyəti ölkələrində olduqları müddətdə dövlətdən heç vaxt ərzaq dəstəyi almadıqlarını və sağ qalmaq üçün qeyri-rəsmi üsullara əl atdıqlarını bildiriblər.

2016-2020-ci illər ərzində Şimali Koreyadan qaçanların 72 faizi ərzaq dəstəyi ala bilmədiklərini bildirib.

2000-ci ildən əvvəl sığınacaq istəyənlər üçün bu nisbət yüzdə 62 olaraq ölçülüb.

2016-2020-ci illərdə Cənubi Koreyaya gələnlərin təxminən yarısı Şimali Koreyada olduqları müddətdə işlərinə görə heç vaxt maaş və yemək almadıqlarını bildiriblər.

Bu insanların 69 faizi çörəkpulunu qeyri-rəsmi bazardan qazandıqlarını desə də, 2000-ci ildən əvvəlki dövrdə bu nisbətin yüzdə 39 ətrafında olduğu qeyd edilib.

Hesabatla bağlı açıqlama verən Birləşmə naziri Kim Yung-ho, "Şimali Koreyada yaşayanların mənzil, sağlamlıq və təhsil imkanlarının hələ də inkişaf etmədiyini söyləyə bilərik. Həyatda qalmaq üçün bir çox bazarlaşma növləri görülməyə davam edir" deyib.

Sorğuda iştirak edənlərin 37 faizi gəlirlərinin təxminən 30 faizinin səlahiyyətlilər tərəfindən müsadirə edildiyini söyləsə də, Kim Çen Inın 2011-ci ildə vəzifəyə başlamasından sonra bu rəqəmin 41 faizə yüksəldiyi ifadə edilib.

Şimali Koreyada yaşadıqları müddətdə məmurlara rüşvət verdiklərini deyənlərin nisbəti yüzdə 54 olaraq ölçülüb. 2000-ci ildən əvvəlki dövrdə bu nisbət yüzdə 14 idi.

Araşdırma həmçinin xarici dünyanın Şimali Koreyaya artan mədəni təsirinə də işıq salır. Ölkəni tərk edənlərin 83 faizi əvvəllər Çin və Cənubi Koreya serialları kimi xarici məzmunlu filmlərə baxdıqlarını bildirib.

Şimali Koreyanı 2000-ci ildən əvvəl tərk edənlər üçün bu rəqəm cəmi 8 faiz təşkil edib.

Keçən ay partiyasının rəsmiləri qarşısında çıxışında Şimali Koreya lideri Kim Çen In əsas yaşayış ehtiyaclarının, o cümlədən ərzaqla təminatın “ciddi siyasi məsələ” olduğunu vurğulayıb.