Adlarının mənalarından utandıqları üçün sonradan adlarını dəyişənlər və ümumiyyətlə, soyad, ata adının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə müraciət edən vətəndaşların sayı az deyil.
Adın, ata adının və soyadın dəyişdirilməsi imkanları qanunvericilikdə nəzərdə tutulub. Bu sahədəki ictimai münasibətlər, habelə ad, ata adı və soyadın dəyişdirilməsinin prosedurları Mülki Məcəllə, Ailə Məcəlləsi, habelə Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» ilə tənzimlənir.
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lakin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə bu məsələ digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, «ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə, xarici ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
“Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxslə bağlı bəzi məlumatları əldə etmək məqsədilə qeydiyyat şöbəsi akt qeydi həmin şöbədə olmadıqda isə digər qeydiyyat şöbəsinə sorğu verir. Həmin akt qeydləri mövcud olduqda adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə baxılır. Lakin həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir.
Xarici dövlətlərdə doğulmuş Azərbaycan Respublikası vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında ərizəsinə onun doğumu haqqında və nikahdadırsa nikah haqqında akt qeydləri xarici ölkələrin səlahiyyətli orqanlarından konsulluq vasitəsilə və ya digər rəsmi yolla qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən əldə edildikdən sonra baxılır.
“Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edildikdə isə ad, ata adı, soyad dəyişdirilir və qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və ona müvafiq şəhadətnamə verir.
Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi, nikahdan əvvəlki soyadına qayıtması, atanın öz adını dəyişdirməsi, hər iki valideynin və ya valideynlərdən birinin soyadı dəyişdirməsi hallarında yol verilir.
Əgər ata öz soyadını dəyişdirirsə və ya hər iki valideyn soyadını dəyişdirirsə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
Lakin valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın soyadı və ata adının dəyişdirilməsi hər bir halda onların ərizəsinə əsasən həyata keçirilir. Eyni zamanda valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur.
Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir.
Soyadın sonluğunun dəyişdirilməsi hər bir vətəndaşın ərizəsinə əsasən həyata keçirilir. Ərizəni 18 yaşına çatmış vətəndaşların özü, 18 yaşına çatmayan vətəndaşların isə valideynləri və digər qanuni nümayəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim edirlər.
1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu da yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Aytən Muradova,
2 saylı Bakı “ASAN xidmət” mərkəzi
Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi