15:15 17.10.2009
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Demokrat Partiyası (ADP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində partiya olaraq iştirakdan imtina edib. Partiyanın mətbuat xidmətindən “Həftə içi“nə daxil olan məlumata görə, bu barədə qərar ADP İdarə Heyətinin dünən keçirilən növbədənkənar iclasında qəbul edilib. Bəyanatda partiya bələdiyyələrin rəsmi statusunun Avropa Yerli İdarəetmə Xartiyasına uyğun olmadığını, təcrübədə bələdiyyələrin rolunun və səlahiyyətlərinin məhdudlaşdırıldığını, habelə qüsurlu seçki təcrübəsinə görə vətəndaşların bələdiyyə seçkilərinə marağının olmadığını bildirib: “ADP Qarabağ və Respublika Uğrunda Hərəkatda böhran yarandığından bu hərəkata daxil olan siyasi partiyalarla qabaqcadan planlaşdırıldığı kimi, bələdiyyə seçkilərində birlikdə iştirak etməyin mümkün olmamasına görə təəssüfləndiyini bildirir. Həmçinin Seçki Məcəlləsində partiya şəklində iştiraka ciddi texniki çətinliklər yaradıldığına görə partiya halında seçkilərə qatılmağı məqsədəmüvafiq hesab etmirik. Buna görə də ADP ölkədə siyasi fəallığı yüksəltmək, vətəndaşları cəmiyyətin siyasi həyatında fəal iştiraka təşviq etmək və bələdiyyələrdə təmsil olunmaqla yerli problemlərin həllində iştirak etmək məqsədilə fərdi təşəbbüs qaydasında bələdiyyə seçkilərində iştirak etmək haqqında qərar qəbul edir, öz üzv və tərəfdarlarını qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırır“.
Elnur