"Azərbaycan mətbuatı bu gün artıq yeni geosiyasi və geoiqtisadi reallıqların, qlobal informasiya axınının və mədəniyyətlərarası dialoqun mühüm iştirakçılarından biridir. Cəmiyyətimizin "doktoru" olmağı bacaran, onun problemlərini üzə çıxaran, ictimai fikri formalaşdıran media bu gün də öz missiyasını davam etdirir. Bu uğurların arxasında isə peşəsinə sədaqətlə xidmət edən jurnalistlərin zəhməti dayanır".
Bunu Hafta.az-a açıqlamasında jurnalist Tahirə Qafarlı deyib. O vurğulayıb ki, jurnalistin yolu heç vaxt hamar olmayıb.

"Dövlət qurumları ilə vətəndaş arasında körpü olmaq, problemləri gündəmə gətirmək, maarifləndirmək, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etmək, bəzən moderator, bəzən araşdırmaçı, bəzən də sadəcə insanların dərdini dinləyən bir həmsöhbət olmaq böyük məsuliyyətdir. Bu yolda bürokratik maneələr də olur, müxtəlif çətinliklər də. Amma jurnalist həmin problemlərlə yaşayır, onları araşdırır, ta ki cəmiyyətin və aidiyyəti qurumların diqqətinə çatdıra bilənə qədər.
Mən də özümü hər zaman sadə bir jurnalist hesab etmişəm. Heç vaxt bu peşəni mükafat almaq və ya şəxsi maraqlar üçün vasitəyə çevirməmişəm. Düşünmüşəm ki, jurnalist qələminin qarşısında ilk növbədə vicdanına cavabdehdir. Bir məqaləni hazırlayarkən, bir müsahibəni ictimailəşdirərkən, bir problemin həllinə çalışarkən məqsədim yalnız haqqın, ədalətin və düzgünlüyün öz yerini tutması olub. İstəmişəm ki, heç kim zərər görməsin, əksinə, hər kəs yazılanlardan nəticə çıxarsın, faydalı nümunə götürsün.
Bu gün həm də mənim günümdür. Mətbuat fədaisi kimi 28 ildir bu sahədə çalışıram. Vicdanımla, namusumla, peşəmə hörmətlə xidmət etməyə çalışmışam. Məhz buna görə də 151 yaşlı milli mətbuatımızın qarşısında alnıaçıq dayanır və özümü xoşbəxt hesab edirəm.
Azərbaycan mətbuatına uzun ömür, inkişaf, müstəqillik və daimi cəsarət arzulayıram. Diləyirəm ki, jurnalistlər həqiqəti demək gücünü heç vaxt itirməsinlər, media cəmiyyətin etimadını daim qorusun və həqiqətən də dördüncü hakimiyyət kimi öz mövqeyini daha da möhkəmləndirsin.
Canı, qanı, biliyi və qələmi ilə Azərbaycan mediasına xidmət etmiş, bu yolda zəhmət çəkmiş bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram", T.Qafarlı qeyd edib.